11 may 2012 14:58
Kubokun finalına biletlərin qiyməti açıqlandı
Futbol üzrə Azərbaycan Kubokunun final oyununa biletlər sabahdan etibarən satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, biletlər 5 manatdan satışa buraxılacaq.
Qeyd edək ki, “Neftçi” ilə “Bakı”nın üz-üzə gələcəyi final matçından öncə konsert proqramı təşil olunacaq. Konsertdə pop-ulduzlarla yanaşı, meyxana ustaları da çıxış edəcəklər. Belə ki, Azərbaycan estradasının iki ulduzu – Aygün Kazımova və Röya Ayxan “Dalğa Arena”da azarkeşləri sevindirəcək. Onlarla yanaşı, meyxana ustaları – Rəşad Dağlı və Pərviz Bülbülə konsert proqramına qatılacaq.
Oyundan sonra azarkeşlər arasında loteriya keçiriləcək. Uduşa qiymətli hədiyyələrlə yanaşı, “Renault Azərbaycan”ın təqdim etdiyi “Renault Logan” avtomobili qoyulacaq.
Qeyd edək ki, mayın 17-də “Dalğa Arena”da “Neftçi” və “Bakı” arasında keçiriləcək final oyunu saat 20:00-da başlayacaq. Açılış mərasimi isə 18:30-da olacaq.
