10 mart 2010 23:40
Milli bazarın incəlikləri. Birinci hissə
Azərbaycan futbolu rəsmən 1992-ci ildə peşəkarlaşıb. Tovuzda “Peşəkar Futbol Klubu “Turan”ın fəaliyyətə başlaması ilə, SSRİ-nin birdəfəlik dağılması təxminən üst-üstə düşdü. Azerisport.az təəssüf edir ki, sonradan belə klub-peşəkarların sayı bir qədər də artsa da, sözün əsl mənasında peşəkarlıq Azərbaycan futboluna gəlib çıxmadı. Son vaxtlar bu yolda çox iş görülür (yaxud elə təsəvvür yaradılır ki, görülür), bununla belə, nəticələr hələ də qənaətbəxş deyil. Və indi heç kəs əmin deyil ki, yarımhəvəskar səviyyədən peşəkar səviyyəyə keçidin arxasında hər şeydən əvvəl pul durur. Pul doğrudan da hər şeyi həll etmir.
Axı biz futbolçuların “milli “fast-food” mağazalarında kökə yeyib oyuna çıxdığı, yarıac-yarıtox gəzdiyi, futbol sahəsində işləyən insanların futboldankənar vaxtlarda hansısa bazarda al-verlə məşğul olduğu vaxtları unutmamışıq. Bunu unutmuruq və bundan utanmırıq; 90-cı illərdə futbol ilə ailə saxlamaq qeyri-mümkün idi. O vaxtları indiki ilə müqayisə belə etmək olmaz. Amma Azərbaycan futboluna nə qədər böyük pullar gəlsə də, işə münasibət dəyişilməyib. Görünür, heç vaxt da dəyişməyəcək.
Peşəkarlıq futbolçuların çoxyüzminlik müqavilələri və ya klub rəhbərlərinin çoxsaylı cangüdənləri ilə ölçülmür. Peşəkarlıq peşəkarlara xasdır.
Bu silsilə yazılarda Azərbaycan futbolundakı bazar münasibətlərindən danışacağıq. Və sətirdən-sətrə keçdikcə bu təsərrüfatda hansı “peşəkar” münasibətlərin və hansı dözülməz şəraitin formalaşdığına şahid olacaqsınız.
Legionerlər haradan gəlir? Onların kim tapıb çıxarır? Sonradan komandaya heç yaxın da qoyulmayan legionerlərə klublar nə qədər pul xərcləyir?
FUTBOL AGENTİ İLƏ SÖHBƏT
Gizli qalmağını tələb edən bir futbol agenti nağıl edir. Əlbəttə, “gözəgörünməz və adıbilinməz” şəxsin dediklərinə inanmaq və ciddi qəbul etmək bir qədər çətindir. Lakin jurnalist üçün hər şeydən əvvəl mənbələrlə düzgün iş vacibdir. Bu iş olmadan oxuculara informasiyanın da dəqiq və qərəzsiz çatdırılması mümkün deyil. Sizi əmin edirik ki, bu futbol agentini demək olar hamınız tanıyırsız; Azərbaycan futbol ictimaiyyəti və azarkeşləri arasına kifayət qədər tanınmış şəxsdir.
- Yay transfer pəncərəsi dövründə (söhbət 2009-cu ilin yayından gedir – azerisport.az) futbol klublarından birində işləyən dostumdan xahiş etdim ki, ora bir futbolçu “düzəldək”. Etiraf edim ki, həmin futbolçunun oyununu özüm də izləməmişdim, amma onu mənə Baltikyanı ölkələrin birində yaşayan köhnə tanışım məsləhət görmüşdü. Məni əmin edirdi ki, əsl tapıntı olacaq Azərbaycan çempionatı üçün... Qısası, futbolçunu baxışa gətirməyə nail olduq, amma buna qədər bir xeyli tər tökdük. Məni klub rəhbərliyinə yaxın qoymadılar və oyunçunu yalnız həmin o dostumun – klubda işləyən dostumun vasitəçiliyə ilə qəbul etməyə razılıq verdilər. Futbolçu 18 saat yolda oldu, bir neçə dayanacaqdan sonra Bakıya gəldi və komandaya qoşuldu. Təsəvvür edin ki, səhər saatlarında gələn və axşama qədər dincələn futbolçu elə ilk məşqdəcə keçirilən ikitərəfli oyunda qol vurdu! Daha bir məşq və məşqçi ondan razı qaldığını bildirdi. Düzü, heç birimiz şübhə etmirdik ki, müqavilə bağlanacaq; onu hətta komanda ilə birgə təlim-məşq toplanışına da apardılar. Amma bir neçə gündən sonra biletini alıb geri qaytardılar. Səbəbini heç kəs bilmədi. Ona dedilər ki, bizim oyun stilimizə uyğun gəlmirsən...
Həmin hadisədən sonra özümə söz vermişəm: nə həmin klub, nə də həmin məşqçi ilə heç vaxt işləmərəm! Sonra futbolçu özü mənə hər şeyi danışdı...
Burda qısaca dayanaq. Gəlin, əvvəlcə bir daha futbolçunun baxışa çağırılmasının mexanizmlərinə diqqət yetirək. Bu proses üç hissədən ibarətdir.
Birinci hissə. Futbol agenti Futbol Klubunda işləyən dostuna müraciət edir. Bu “dost“ nə məşqçi heyətindən, nə də rəhbərlikdən deyil.
İkinci hissə. Klub rəhbərliyinə bu futbolçu barədə məlumat verilir və onun baxışa gəlməsinin razılığı alınır. Bir şərtlə ki, oyunçu öz hesabına gəlsin.
Üçüncü hissə. Bu barədə bir qədər sonra.
Buradan da iki fikir cərəyan edir:
a) klub bəyənilib-bəyənilməyəcəyi məlum olmayan futbolçu üçün əlavə xərcə düşmək istəmir (müsbət çalar);
b) klub istənilən halda udur: futbolçu bəyəniləcəksə, müqavilə bağlanacaq, əks halda, geri qayıdacaq.
Diqqət yetirin, klub heç nə itirmir; yalnız futbolçunun bir neçə gün komanda ilə birgə qalmasına, qidalanmasına və geri qaytarılacağı təqdirdə, birtərəfli biletinə pul xərcləyir. Bu da ki, milyonları sağa-sola xərcləyən Azərbaycan klublarının ƏKSƏRİYYƏTİ üçün qəpik-quruşdur.
Amma nə qədər qəpik-quruş olsa da, iki 50 qəpik bir manata bərabərdir. Klub gözünü yumub bir “vaqon” legioneri baxışa çağırdıqca, o legionerləri bir-bir geri göndərdikcə qəpik-qəpik on minlər, yüz minlər xərclənir. Əvəzində isə bir-iki orta səviyyəli futbolçunu sıralarına qatır. Halbuki, həmin məbləği bir neçə seleksioner-məşqçiyə ödəməklə onların xarici ölkələrə ezamiyyətini və futbolçu seçimini təmin etmək olar. Bu halda, klublara daha yaxşı – səviyyəli legionerlər gələr.
FUTBOLÇUNUN BAŞ MƏŞQÇİ VƏ PREZİDENTLƏ SÖHBƏTİ
Agentin hekayəsinin davamı.
- ...Futbolçu mənimlə telefon söhbətində hər şeyi danışdı: “Artıq üç-dörd gündür ki, Türkiyədə - təlim-məşq toplanışındayıq. Özümü yaxşı tərəfdən göstərmişəm. Hər halda, məndən razı qalıblar. Bunu məşqçi də özümlə söhbətdə dedi və bildirdi ki, bu gün prezident (bu vəzifə şərtidir; vitse-prezident, icraçı direktor və s. də ola bilər – azerisport.az) gəlib oyunuma baxacaq. Sonra yekun qərarı verəcəyik. Hazırlaşıram. Axşam məşqinə bir saat qalıb. Birdən bir nəfər qapını döyüb otağa daxil oldu və özünü təqdim etdi. Klubun prezidenti idi. Dedi ki, əşyalarını yığ, geriyə bilet almışıq. Düzü, şokda idim. Heç səbəbini də soruşmadım... Yalnız bir neçə gün sonra başa düşdüm ki, məsələ nə yerdədir. İş orasındadır ki, baş məşqçi söhbətlərin birində məndən nə qədər “podyomnı” istədiyimi soruşdu. Mən də söylədim ki, bu işlərlə menecerim məşğul olur, ona müraciət edin...”
Başa düşdünüz? Həmin baş məşqçi mənim (agentin – azerisport.az) adımı eşidən kimi başa düşüb ki, yüngül pul qazana bilməyəcək. Biz əvvəllər onunla işləməmişdik, amma o futbol təsərrüfatı balacadır və burada hamı hamıya bələddir. O bilirdi ki, ona bir qəpik də verməyəcəm. Yəni məşqçi futbolçunun “podyomnı”sından özünə faiz tuta bilməyəcək. Buna görə də prezidentə nəsə deyib və həmin futbolçunu yola salıblar. Bir neçə gün sonra isə o mövqeyə başqa oyunçunu götürüblər...
Futbolçunun adını çəkməyəcəm. Bu, etik qaydalara sığmaz. Yalnız deyə bilərəm ki, o, gəncdir və öz ölkəsinin yığmasında çıxış edir. Yerinə götürdükləri futbolçunu isə artıq qışda komandadan çıxardılar. Məşqçinin nə vecinə? Faizini götürdü.
SON SÖZ ƏVƏZİ
Bizim bu hadisənin təfərrüatlarından tam da olmasa, xəbərimiz var. Həmin klubun da, həmin məşqçinin də, həmin futbolçunun da adını bilirik. Təəssüflər olsun ki, məhkəmə predmeti verməmək üçün ad çəkə bilməyəcəyik. Amma bu yazının, ümumiyyətlə, bu silsilənin məğzi adlarda və şəsxiyyətlərdə deyil. Söhbət oturmuş sistemdən gedir. O sistemdən ki, burada hamı bir-birindən pul qazanmağa çalışır, futbol isə qalıb bir kənarda. Məhz buna görə də Azərbaycana gələn legionerlərin 80% orta səviyyədən də aşağıdır.
Nəhayət, üçüncü hissə. Futbolçu müqavilə bağlayır (bu müqavilədə göstərilən məbləğ Azərbaycan müəlliminin aylıq əməkhaqqısına bərabərdir!), nəğd pulla “podyomnı” alır, onun 10 və ya 20 %-i agentə, bir o qədəri də baş məşqçiyə ödənilir. Baş məşqçiyə pul ödəməkdən imtina edənlər isə müqavilə bağlamadan geri qaytarılır. Və artıq burada legionerin səviyyəsi heç bir rol oynamır.
Davamı var...
