Abdullayev EuroFormula Open-də debüt etdi
24 aprel 2016 12:30
“EuroFormula Open” çempionatının yeni mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, Gülhüseyn Abdullayev ilk dəfə bu çempionata qoşulub.
Mövsümün ilk yarışı Portuqaliyanın Eştoril şəhərində keçirilib. Çempionatın ən güclü komandası sayılan “Kampos”un üzvü olan pilotumuz yarışa sonuncu – 22-ci pillədə başlayıb. Yekunda 4 rəqibini geridə qoya bilən Abdullayev debüt yarışında 18-ci yeri tutub. Onun komanda yoldaşı Leonardo Pulkini (İtaliya) finişə birinci çatıb.
Qeyd edək ki, ikinci mərhələ mayın 22-də Belçikada baş tutacaq. Çempionat ümumilikdə 8 mərhələdən ibarətdir.