Fernando Alonso Azərbaycan azarkeşlərinə təşəkkürünü bildirdi
"McLaren-Honda" komandasının pilotu və 2016 Formula 1 Avropa Qran Prisinin rəsmi səfiri Fernando Alonso bugünki çıxışında bazar günü Avstraliya Qran Prisi zamanı baş vermiş qəzadan sonra Azərbaycan azarkeşlərindən aldığı saysız-hesabsız dəstəyə görə minnətdarlığını ifadə edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Azərbaycanda olan bütün azərkeşlərimə göstərdikləri dəstəyə görə minnətdaram. Mən çox xoşbəxtəm ki, bazar günü baş vermiş dəhşətli qəzadan zədə almadan qurtuldum. Biz pilotların həyatı, azarkeşlərin sərhədsiz dəstəyinə arxalanır və mən çox sevinirəm ki, bu azarkeşlərin arasında Azərbaycandan olan belə gözəl insanlar var.
İndi bir daha Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışlarının rəsmi səfiri olmaqdan qürur duydum. Qarşıdan gələn yay mövsümünü səbirsizliklə gözləyirəm ki, əsrarəngiz Bakıda keçiriləcək Avropa Qran Prisində azərkeşlərimin qarşısında iştirak edə bilim”.