Müşviq Qəmbərov: Bunu komandamın mənə doğum günü hədiyyəsi kimi qəbul edirəm
Futbol üzrə Azərbaycan birinci divizionunda 23-cü turun ilk oyununda MOİK səfərdə "Zaqatala" ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, oyun "hərbçilər"in minimal hesablı (1:0) qələbəsi ilə başa çatdı. Matçdan sonra MOİK-in baş məşqçisi Müşviq Qəmbərov oyunla bağlı fikirlərini bölüşüb.
- İlk növbədə qələbə münasibəti ilə rəhbərliyi, məşqçi heyətini, xüsusən də futbolçuları təbrik edirəm. Səfərdə çox çətin qələbə qazandıq. İlk dəfədir ki, pis oynayıb qələbə qazanmışıq. Amma bunu da komandamın mənə doğum günü hədiyyəsi kimi qəbul edirəm (qeyd edək ki, aprelin 22-də M.Qəmbərovun 38 yaşı tamam olacaq - red). Artıq “Zaqatala” ilə oyunu unudub, “Turan Tovuz”la görüşə hazırlaşacağıq.
- Sizin də qeyd etdiyiniz kimi, MOİK qələbə qazansa da, zəif oynadı. Bunun səbəbi nə ilə bağlı idi?
- Düşünürəm ki, qələbə qazanmağımıza baxmayaraq, ən zəif oyunlarımızdan biri oldu. Səfərə ciddi itkilərlə çıxmışdıq. Zaqatalaya gələndə Qadir Həsənli, Ramil Orucov, Əli Əliyev, Cavidan Şükürov, Anar Həsənov zədəli idi. Üstəlik, adı “18”liyə salınsa da, Orxan Həsənov mədəsindəki problemlərə görə oynaya bilmədi. Əsas heyət üzvlərinin yoxluğu zəif oynamağımıza bilavasitə təsir etdi.
- MOİK son 7 oyunda 6 qələbə qazanıb və medalçı olmağa real namizəddir. Komandanın bü yüksəlişini nə ilə əlaqələndirmək olar? Ümumiyyətlə, qarşıya minimum hədəf kimi hansı vəzifə qoyulub?
- Yüksəlişin səbəbi kimi MOİK-də işin düz qurulmasını və ən əsası da futbolçuların özünəinam hissinin qayıtmasını göstərə bilərəm. Hamısı oynayan futbulçulardır. Məsuliyyəti dərk edirlər. Minimum hədəf məsələsinə gəlincə, çalışacağıq ki, son 3 oyunda da rəqibləri məğlub edək və ən azı 4-cü pillədə qalaq. Amma çalışırıq ki, 3-cü pilləyə çıxaq. Düzdü, bunun üçün “Ağsu”nun büdrəməsini gözləmək lazımdır. Amma biz öz üzərimizə düşəni etməliyik.
- “Zaqatala” ilə oynamayan əsas heyət üzvləri “Turan Tovuz”la matça qədər sıraya qayıdacaqmı?
- Növbəti oyun 30 apreldədir. Arada 10 günlük zaman var. Bu müddətdə bütün zədəlilərimiz sıraya dönəcək. Hesab edirəm ki, “Turan Tovuz”a qarşı optimal heyətlə oyanaya biləcəyik. (klubun mətbuat xidməti)