Bu gün Gəncə futbolu üçün ən əlamətdar günlərdən biridir
26 ноября 2012 17:41
Düz 45 il öncə “Dinamo” Kirovabad (Gəncə) SSRİ birinciliyinin ikinci dəstəsinin qalibi olaraq, yüksək liqaya vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, komanda bu hüquqa Daşkənddə keçirilən həlledici matçda yiyələnib.
1967-ci ilin noyabrın ayının 26-da reallaşan “qızıl” oyunda rəqibimiz Karaqandanın “Şaxtyor” klubu olub. Gərgin mübarizə şəraitində keçən görüş “Dinamo”nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu Ramiz Muritov vurub. Gəncə təmsilçisinin yüksək liqaya vəsiqə qazanması şəhərdə toy-bayrama səbəb olub. Bunun nəticəsidir ki, Nizami yurdu qəhrəmanlarını dəmiryol vağzalında təmtəraqla qarşılayıb. Bayram tədbirləri şəhərin mərkəzində də davam etdirilib. Həmin mövsümdə komandanın heyətində çıxış etmiş futbolçulardan üçü bu gün də Gəncədə yaşayır. “Dinamo”nun kapitanı Müzəffər Qasımov, qapıçısı Zakir Süleymanov və hücumçusu Nizami Salahov şəhərimizin fəxri sakinidir. Adları çəkilən veteran futbolçular hazırda Gəncə Regional Futbol Federasiyasında məsul vəzifədə çalışırlar.