Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar. Azerisport.az xəbər verir ki, kayakçı İnna Osipenko-Radomskaya və kanoeçi Valentin Demyanenko olimpiada öncəsi təlim-məşq toplanışını xaricdə keçiblər.
Osipenko-Radomskayanın son toplanışı Ukraynanın Kiyev vilayətindəki Obuxov şəhərinin avarçəkmə bazasında olub. Olimpiya çempionu şəxsi məşqçisi Dmitri Radomskinin rəhbərliyi altında çalışıb. 4 qat dünya və 4 qat Avropa çempionu Demyanenko isə Belarusun Brest şəhərində hazırlıq keçib.
Artıq hər iki idmançı Bakıdadır. Onlar avqustun 1-də Azərbaycan nümayəndə heyətinin tərkibində çarter reysi ilə Rio-de-Janeyroya uçacaqlar.
Akademik avarçəkənlər Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet, eləcə də kanoe-slalomçu Yure Meqliç isə olimpiadanın keçiriləcəyi şəhərə daha erkən yollanıblar. Onlar yerli şəraitə adaptasiya olunmaq üçün iyulun 26-dan Rio-de-Janeyrodadırlar.
Qeyd edək ki, "Rio-2016"da akademik avarçəkənlərin mübarizəsi avqustun 6-da, kanoe-slalomçuların çıxışları avqustun 7-də, kayakçı və kanoeçilərin yürüşləri isə avqustun 15-də start götürəcək. Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 1000 metr, Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr, İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq. Yure Meqliç isə axar suda müəyyən məsafəni qapı formalı maneələrdən daha tez və mümkün qədər az cərimə xalı ilə qət etməyə çalışacaq.