İdmançılarımız AÇ-də uğur qazana bilmədilər
Bolqarıstanın Plovdiv şəhərində 18 yaşadək və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı 23 yaşadək kayakçı və kanoeçilər arasında 3 idmançı təmsil edib.
Kanoeçi Aleksey Kupin 500 metr məsafəyə seçmə yürüşdə finişə 1 dəqiqə 57,984 saniyəyə çataraq 7-ci olub. Yalnız bir rəqibini qabaqlayan Kupin yarımfinala yüksəlib. Yarımfinalda məsafəni daha tez (1:52.112) qət edən Aleksey 5-ci yeri tutub. Ancaq ilk “3-lüy”ə düşmədiyindən finala vəsiqə qazana bilməyib. O, 1000 metr məsafəyə yürüşdə 4 dəqiqə 26,380 saniyəlik nəticə göstərərək yarımfinala adlayıb. Növbəti çıxışında 1 km-i 3 dəqiqə 59,792 saniyəyə başa vuran Kupin 7-ci olub və finala yüksələ bilməyib.
Digər kanoeçimiz Nikita Sablin seçmə mərhələdə 200 metr məsafəni 42,218 saniyəyə qət edərək ilk “5-liy”i qapayıb. Yarımfinalda daha erkən (40,228) finişə çatsa da, yenə 5-ci olub və finalda iştirak hüququnu itirib.
Kayakçı Tamerlan Mustafayev 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 45,580 saniyəlik göstəriciylə ilk “5-liy”i qapayıb. Yarımfinalda bu məsafəni 1 dəqiqə 42,024 saniyəyə başa vuran həmyerlimiz 6-cı yeri tutub və B finalına yüksəlib. Sonuncu çıxışında 1 dəqiqə 45,980 saniyəlik nəticə onu ümumi sıralamada 15-ci edib. Mustafayev 200 metr məsafəyə seçmə yürüşdə 38,123 saniyəlik nəticəylə 7-ci yeri tutaraq yarımfinala vəsiqə qazanıb. Tamerlan növbəti yürüşdə həmin məsafəni 37,060 saniyəyə qət edərək 8-ci olub və mübarizəni dayandırıb.