Mingəçevirdə Prezident Kuboku Reqatası keçirilir
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvi Beynəlxalq "Prezident Kuboku" Reqatası keçirilir. Azerisport.az xəbər verir ki, reqataya Azərbaycan, Gürcüstan və Ukraynanın üst-üstə 150-dən çox idmançısı qatılıb.
Budəfəki Prezident Kuboku 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları öncəsi ilin ilk sınağı sayılır. 3 növ üzrə 4 idmançı - akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, eləcə də kayakçı İnna Osipenko Radomskaya və kanoeçi Valentin Demyanenko hələ ötən il Rio-2016-ya lisenziya qazanıb. Demyanenko hazırda Belarusda təlim-məşq toplanışındadır. Daha bir lisenziya sahibi - kanoe-slalomçu Yure Meqliç də hazırda ölkəmizdə bu növ üzrə şərait olmadığı üçün xaricdə hazırlıq keçir.
Aleksandrov - Yotov dueti, eləcə də Osipenko-Radomskaya "Prezident Kuboku"nda mübarizə aparır. Bu reqata həm də gələn aydan start götürəcək Dünya Kubokunun mərhələləri və "Rio-2016"ya lisenziya xarakterli təsnifat reqataları üçün heyətin müəyyənləşdirilməsi baxımından önəmlidir. Qaliblər akademik avarçəkmə, eləcə də kayak və kanoe növlərində qazanılmamış lisenziyalar uğrunda mübarizə məqsədilə təsnifat reqatalarına qatılacaqlar. (AMAF)