Azərbaycan çempionatı sual altında
Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir. Azerisport.az xəbər verir ki, yalnız "Telekom" heyətini qurub və toplanışa başlamaq ərəfəsindədir.
"Lokomotiv" faktiki dağılıb. Ötən mövsüm bu klubda forma geyənlər özlərinə yeni komanda tapıblar. Məşqçi və işçi heyəti də komandanı tərk edib. Bu isə o deməkdir ki, növbəti mövsüm "Lokomotiv" çempionatda çıxış etməyəcək.
Çempionlar Liqasında iştirak etməli olan "Azərreyl"dən də xəbər yoxdur. Komandanın bir neçə üzvü başqa klublarla anlaşıblar. Baş məşqçi Bülent Karslıoğlunun da "Azərreyl"də qalacağı gözlənilmir.
Eyni sözləri "Azəryol" haqqında da deyə bilərik. Bütün legionerlərlə yolları ayıran bu klubda ciddi maliyyə problemləri var. Baş məşqçi Ziya Rəcəbovla da yollar ayırılıb.
"Gənclik"lə bağlı vəziyyət də qeyri-müəyyəndir. Komandanın növbəti mövsüm çempionatda çıxış edib-etməyəcəyi bilinmir. Sentyabrın əvvəllərində Voleybol Federasiyasında keçiriləcək iclasda klubların vəziyyətinə aydınlıq gələcək. Qeyri-adi bir şey baş verməsə, çempionatda cəmi 4 klub çıxış edəcək.