Aleksey Çervyakov: Sonradan Neftçi rəhbərliyi nədənsə, fikrindən daşındı

Kişilərdən ibarət voleybol yığmamızın kapitanı Aleksey Çervyakov azerisport.az saytına müsahibəsində Tiflisdə keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarından danışıb:
- Oyunlar haqda nə deyə bilərsən? Bir kapitan kimi komandanın çıxışından razı qaldın?
- Prinsipcə pis oynamadıq. Sadəcə, bizə təcrübə çatmadı. Əvvəlcə İsveçlə qarşılaşdıq və 2:3 hesabıyla uduzduq. Bəzi səhvlərə yol verdik. Bu da oyun praktikasının olmamasından qaynaqlanırdı. Çünki yarışlarda çox az-az iştirak edirik. İsveçrəyə 0:3 uduzsaq da, onlardan aşkar geri qaldığımızı düşünmürəm. Sonda Gürcüstana rahat qalib gəldik. Voleybolçular bütün tapşırıqları yerinə yetirdi və yarışı major-notda bitirdik. İsveç və İsveçrə praktiki olaraq eyni səviyyədə komandalar idi. Onlar bizi top qəbulumuzdakı səhvlərimizə görə üstələdilər.
- Maliyyə problemləri, vitamin çatışmazlığı və yaxşı toplanış keçməməyiniz təsirini göstərdi?
- Əlbəttə. Bu problemlərin hər biri daha yaxşı çıxış etməyə imkan vermədi.
- Qatarla gediyiniz üçün yorğunluq var idi?
- Bu, bizim üçün o qədər də problem olmadı. Bir gün əvvəl Tiflisə çatmışdıq. Ona görə bərpa olunmaq vaxtımız var idi. Yəni bunu bəhanə kimi göstərmək istəmirəm.
- Komanda qarşıya qoyulan hədəfə çata bilmədi. Bu üzdən maaşla bağlı problemlərin davam edəcəyini düşünmürsən?
- Yox, mən belə fikirləşmirəm. Biz Gürcüstanda əlimizdən gələni etdik. Yenə deyirəm, oyun praktikamız yox idi. Normal çempionata da sahib deyil ki, az-çox təcrübə qazanaq, bişək. Bu üzdən bizi qınamağa dəyməz.
- Bundan sonrakı plan necə olacaq?
- Hələ ki məndə heç bir məlumat yoxdu. Baş məşqçimiz Fərid Cəlalov federasiya rəhbərliyi ilə söhbət edəcək. Bəlkə 15 gün, ya bir ay məzuniyyət veriləcək.
- “Neftçi”nin heyətində ölkə çempionu oldun. Komandanın növbəti mövsüm “Çağırış” kubokunda iştirakı gözlənilirdi...
- Əvvəlcə belə niyyət var idi. Ancaq sonradan rəhbərlik nədənsə fikrindən daşındı.
- Ayın əvvəlində dənizdə qayıqla üzərkən bədbəxt hadisə baş verdi. Sən sağ qalsan da, dostun həyatını itirdi...
- Məni bağışlayın. Amma bu haqda danışmaq istəmirəm.