Millimizdə üsyanı Faiq Qarayev yatırdı: seçmə mərhələyə gedirlər
Klublarımızın avrokuboklara qatılmaqdan imtina etməsi, aylarla voleybolçuların və məşqçilərinin maaşlarının verilməməsi artıq adi hal alıb. Artıq bu vəziyyət yığmalarımıza da təsir göstərməkdədi. Azerisport.az xəbər verir ki, kişilərdən ibarət millimiz mayın 19-21-də Tiflisdə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə qatılmaqdan imtina edib. Baş məşqçi Fərid Cəlalov və voleybolçular son 6 ayda əmək haqqı almadıqlarından yarışa qatılmaqdan imtina ediblər.
Ancaq AVF-in vitse-prezidenti Faiq Qarayev onlarla söhbət edib və komanda geriyə qayıtdıqdan sonra bütün problemlərin yoluna qoyulacağını söyləyib. Bundan sonra çalışdırıcı və voleybolçular fikirlərindən daşınıblar. Komanda bu gün qatarla Tiflisə yollanacaq.
Qeyd edək ki, yığmamız qonşu ölkədə Gürcüstan, İsveç və İsveçrə ilə qarşılaşacaq. Qrupda ilk 2 yeri tutan komandalar 2-ci təsnifat mərhələsinə yüksələcək.