Əliyar Ağayev Şalkenin qələbəsini qeydə aldı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Şalke" klubu doğma meydanda Fransa "Nitsa"sını 2 cavabsız qolla məğlub edib. Azerisport.az xəbər verir ki, qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib.
Ona yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov kömək edib. Orxan Məmmədovla Rəhim Həsənov əlavə köməkçi hakim kimi çalışıbsa, dördüncü hakim funksiyasını Mübariz Həşimov yerinə yetirib.
Ağayevin bu oyunda işi çox olub. O, bu qarşılaşmanın 80-ci dəqiqəsində, hesab 1:0 olarkən qonaqların qapısına penalti təyin edib ki, almanlar bu şansdan məharətlə yararlanıblar. Azərbaycanlı referi 7 sarı vərəqəyə əl atıb ki, onlardan üçü meydan sahiblərinə, dördü qonaqlara göstərilib. Meydan sahiblərinin bir üzvü isə 90+3-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub.