Pevçovun Çikaqo zəfəri
Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevçov karyerasında yeni mərhələyə qədəm qoydu. Azerisport.az xəbər verir ki, cari mövsümün yekunlarına əsasən idmançımız Çikaqoda Dünya Seriyasının finalında iştirak etmək hüququ qazandı.
Mötəbər yarışda yüksək nəticə əldə edən Pevçov 11-ci yeri tutdu. Ən yaxşıların mübarizə apardığı yarışda triatlonçu dünya elitasına daxil olduğunu sübut etdi. Eyni zamanda Pevçov Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə vacib xallar qazandı.
Yarış zamanı Azərbaycan yığmasının idmançısı London-2012 olimpiadasının bürünc medalçısı Conatan Brounlini qabaqladı. Pevçov eyni zamanda Avropa Kubokunun qalibi rusiyalı Dmitri Polyanski və ilk Avropa Oyunlarının gümüş medalçısı portuqal Joao Pereyranı üstələdi.
Dünya Seriyasının finalı beynəlxalq təqvimdə ən gözlənilən mübarizədir. Olimpiadadan sonra triatlon üzrə ikinci ən böyük yarış olan Dünya Seriyasının finalını bəzən dünya çempionatı da adlandırırlar. Bu dəfə 75 idmançının iştirak etdiyi kişilərin yarışında ispan Mario Mola qalib oldu. Dünya Seriyasının bütün mərhələlərinin yekun nəticəsinə əsasən isə İspaniya yığmasının digər üzvü Xavyer Qomes karyerasında üçüncü dəfə birinci yerə layiq görüldü.
Göstərdiyi yüksək nəticələrə görə Azərbaycan idmançısı Rostislav Pevçov olimpiya lisenziyasına bir qədər də yaxınlaşdı. Təmsilçimiz artıq Rioya vəsiqəni təmin edən idmançıların siyahısında yerini möhkəmlədib.
Qeyd edək ki, 2016-cı il mayın sonlarında təsnifat mərhələsi başa çatacaq və lisenziyaların sahibləri rəsmən elan olunacaq.