Millimiz dünya birinciliyini 3 medalla başa vurdu
Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Kanadanın Burnabi şəhərində təşkil edilən yarışda komandamızın daha bir üzvü aktivinə medal əlavə etməyi bacarıb.
102 ölkədən 846 gənc taekvondoçunun qatıldığı dünya birinciliyində 14 idmançı ilə ölkəmizi təmsil edən baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən 68 kq çəki dərəcəsində mübarizəyə qatılan Əliəsgər Əliyev Qabriel Nascimento da Silva (8:6), Qriqoriospanagiotis Kasidiaris (3:1), Vesley Maranı (12:0) mundialdan kənarlaşdıraraq yarmfinala adlayıb. Həlledici döyüşə vəsiqə uğrunda rəqib isə keçilməz olub. Konstantin Kosteneviçlə qarşılaşan təmsilçimiz adını finala yazdıra bilməyib.
Xatırladaq ki, 4 gün davam edən yarışı gənc millimiz ümumilikdə 1 gümüş, 2 bürünc medalla başa vurub. Belə ki, mundialın ilk və ikinci günləri komandanın digər üzvlərindən Qaşım Maqomedov (-55 kq) gümüş medal, Ayaz Qəmbərli (-45 kq) isə bürünc medala layiq görülmüşdülər. Millimiz sabah vətənə dönəcək.