Aprel ayı üçün reytinq cədvəli açıqlandı
5 aprel 2012 00:53
Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, yeni siyahı Azərbaycanın güllə və stend atıcıları üçün uğurlu olmayıb.
Aparıcı güllə atıcılarımızdan Ruslan Lunyov və İradə Aşumova mövqelərini itiriblər. Onlar 10 metr məsafəyə atəş açmaqda müvafiq olaraq, 7 və 4 pillə geriləyərək 64-cü və 57-ci yerə eniblər. Olimpiya Oyunlarının bürünc mükafatçısı İ.Aşumova 25 metr məsafəyə atəş açmaqda da 6 rəqibini özündən irəli buraxıb. O, hazırda 45-cidi.
Lakin bu snayperlərlə müqayisədə Nigar Bağırova mövqeyini yaxşılaşdırıb. O, 10 metr məsafəyə atəş açmaqda 3 pillə irəliləyərək 69-cu, 25 metr məsafəyə atəş açmaqda isə 7 idmançını ötərək 100-cü yerə sahib olub.
Stend atıcılarımızdan Zemfira Meftahəddinova da irəliləyib. Son Dünya Kubokunda 8-ci olan həmyerlimiz 2 rəqibini arxada qoymaqla, 12-ci yerə yüksəlib. Onun komanda yoldaşı Nurlana Cəfərova isə idmançılarımız arasında “rekord” vurub. Həmyerlimiz birdən-birə 16 pillə aşağı düşərək, 51-ci yerdə qərarlaşıb.
Kişilərin mübarizəsində Emin Cəfərov da 4 rəqibini özündən qabağa buraxıb. Nəticədə təmsilçimiz yeni siyahıda 44-cü pilləyə enib.