Zəkiyevlə Abdullaxanlı bürünc medal şansını boşa verdi
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan cüdo yığmasının iki üzvü də mübarizəyə qoşulub.
100 kq. Kənan Abdullaxanlı 1/8 finalda ukraynalı Aleksandr Pominovu ipponla məğlub edib. Amma 1/4 finalda o, Qven Qeun Çoyu (Koreya) ilə görüşdə özü ippona düşüb. Rəqibi finaladək irəlilədiyi üçün idmançımız təsəlliverici görüşə qatılıb. İranlı Həmid Əlizadəyə qalib gələn Abdullaxanlı bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb. O, Şirin Şaripovla (Özbəkistan) bürünc medal uğrunda görüşdən məğlub ayrılıb.
+100 kq. Azərbaycanın Paralimpiadadakı bayraqdarı olan İlham Zəkiyev də bu gün tatami üzərinə çıxıb. İkiqat Paralimpiya çempionumuz 1/4 finaldan mübarizəyə qoşulub. Bayraqdar Adilcan Tuledıbayev (Özbəkistan) ilə ilk görüşündəcə məğlubiyyətlə üzləşib. Amma onu ipponla yenən özbək idmançı finala qədər irəlilədiyi üçün Zəkiyev də təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə böyük britaniyalı Cek Hocsona qalib gəlib və bürünc medal qazanmaq şansı əldə edib. Bunun üçün isə İlhamın kubalı Yanqalin Ximenesə qalib gəlməsi lazım idi. Amma təəssüf ki, digər cüdoçumuz kimi, o da həlledici dueldən məğlub ayrılıb.