Dmitri Saley də medalın bir addımlığında dayandı
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə Azərbaycan üzgüçülük yığmasının üzvləri - Roman və Dmitri Saley qardaşları da mübarizəyə qoşulub.
Onlar 200 metr məsafəyə kompleks üsulla üzgüçülük yarışlarında çıxış ediblər. Dmitri bu məsafəni 2:16.31 dəqiqəyə qət edib və öz yarımqrupunda birinci olub. Roman isə 2:19.37 dəqiqəlik nəticə ilə öz yarımqrupunda üçüncü yeri tutub.
Yarımfinalın ümumi nəticələrinə görə, D.Saley dördüncü yeri tutaraq, finala yüksəlib. Onun qardaşı isə doqquzuncu olduğuna görə, çıxışını dayandırmalı olub.
Dmitri finalda 2:13.83 dəqiqəlik nəticə göstərib. Amma bu, onun sadəcə, dördüncü olmasına imkan verib.
Qeyd edək ki, Saley qardaşları Riodakı ilk cəhdində 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qüvvəsini sınamış, Roman 4-cü, Dmitri isə 5-ci yeri tutmuşdu.