Yelena Çebanu gümüş medal qazandı
Rioda təşkil olunan Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların ikinci günündə - Azərbaycan atleti Yelena Çebanu 100 metr məsafəyə qaçış yarışlarında gücünü sınayıb.
Ötən gün 13 atletin mübarizə apardığı təsnifat mərhələsində təmsilçimiz dördüncü qrupda çıxış edib. Məsafəni 12.24 saniyəyə qət edən idmançımız qrupda birinci, ümumi sıralamada isə ikinci olub. Bu nəticə ilə atletimiz yarışın yarımfinal mərhələsinə yüksəlib.
Yarımfinal mərhələsində Çebanu ikinci qrupda mozambikli Edmilsa Qoverno, braziliyalı Alisya de Olviere Korrea və Çin idmançısı Yaqin Çenə qarşı yarışıb. 100 m məsafəni 11,81 saniyəyə qət edən idmançımız hamıdan güclü olub və finala yüksəlib.
Finalda idmançımız bir qədər də yaxşı çıxış edərək, məsafəni 11,71 saniyəyə qət edib. Bu, Yelenaya Rioda gümüş medal qazandırıb. Qızıl medalı isə yeni rekorda (11,40 saniyə) imza atan kubalı Omara Durand qazanıb.