Mustafayev Azərbaycana Rio Paralimpiadasında ilk medalı qazandırdı

Rioda Yay Paralimpiya Oyunları start götürüb.
Azerisport.az xəbər verir ki, ilk yarış günündə iki cüdoçumuz tatamiyə çıxıb. 60 kq-da yarışan Ramin İbrahimovla 66 kq çəki dərəcəsində mübarizə aparan Bayram Mustafayev medal qazanmağa çalışıb.
İlk mərhələdən azad olan Mustafayev mübarizəyə 1/4 finaldan başlayıb və braziliyalı rəqibi Halison Oliveyraya qalib. Yarımfinalda yaponiyalı Satoşi Fujimotonu da məğlub edən idmançımız finala yüksəlib. Həlledici görüşdə özbəkistanlı Utkirjon Niqmatovla dueldə uduzan Mustafayev gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bu, Azərbaycanın Rio Paralimpiadasında ilk medalı olub.
İbrahimov startda Eduardo Qautoya (Argentina), 1/4 finalda Ənvər Sarıyevə qalib gəlib. Yarımfinalda özbəkistanlı Şerzod Namozova ipponla uduzan cüdoçumuz bürünc medal qazanmaq şansına malik olsa da, monqolustanlı Uqanx Bolormaya uduzub.