“Paralimpiada sürprizlər ilə doludur”

Paracüdoda dünya və Avropa çempionu olmuş, London Paralimpiadasında qızıl medal qazanan Ramin İbrahimovun azerisport.az saytına müsahibəsi:
- Paralimpiya Oyunlarına necə hazırlaşmısınız?
- Çox yaxşı hazırlıq keçmişik. Ardıcıl 5 təlim-məşq toplanışında iştirak etdik. Türkiyədə, Gürcüstanda və Azərbaycanın bəzi səfalı bölgələrində toplanış keçdik. Özümüzü yaxşı hiss edirik. Hər şey qaydasındadır. Paralimpiadaya psixoloji cəhətdən də hazırıq.
- Əsas rəqiblər hansı ölkələrin cüdoçuları olacaq?
- Ən prinsipial rəqibim Əlcəzair təmsilçisidir. Pekin Paralimpiadasında yarımfinalda ona uduzmuşdum. Ancaq 4 il sonra Londonda onu üstələyən idmançıya qalib gələrək çempion oldum. Özbəkistan idmançısını da fərqləndirərdim. Ancaq yalnız onlara qarşı yox, bütün rəqiblərə qarşı diqqətlə hazırlaşmışıq. Olimpiada və Paralimpiya Oyunlarında zəif idmançı olmur. Bütün rəqiblərə hörmətlə yanaşıram. Yəqin ki, son paralimpiya çempionu kimi Rioda iştirak etdiyim üçün mənə qarşı da xüsusi hazırlaşan cüdoçular olacaq. İnşallah, mən qalib gələrəm.
- Sizin çəkidə güclü Rusiya təmsilçisi var idi?
- Bəli. Bildiyiniz kimi, o da başqa rus idmançılar kimi Paralimpiya Oyunlarına qatıla bilməyəcək. Bu da qələbə şansımı artırır. Burda hər bir detal önəmlidir. Püşkatmada zəif və ya güclü qrupda yer ala bilərsən. Paralimpiada sürprizlərlə doludur. Burda hər şey ola bilər.
- 3-cü dəfə Paralimpiya Oyunlarında iştirak edəcəksiniz. Həyəcan yenə var?
- Pekində daha çox həyəcanlanırdım. Londonda daha az həyəcanım var idi. İndi isə demək olar ki, həyəcan yoxdur. Özümü yaxşı hiss edirəm. Nəticənin mənim üçün müsbət olacağına inanıram.