Fərid Mansurov: Rəsul o qədər də böyük çəki salmadı, sadəcə, əlinə düşən fürsəti qaçırdı
Afina Olimpiadasının qalibi Fərid Mansurov azerisport.az saytına müsahibəsində güləşçilərimizin Riodakı çıxışından danışdı.
- Güləşçilərimizin ümumi çıxışını necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, nəticə normaldır. Düzdür, qızıl medal olmadı. Amma 14 güləşçidən 9-nun fəxri kürsüyə qalxması yaxşı nəticədir. Nəzərə alaq ki, bu yarış Olimpiadadır. Əksər Olimpiya Oyunlarında güləşdə qızıl əldə etmişik. Londonda 2 qızıl qazanmışdıq. Ona görə də bu dəfə daha böyük nəticə gözlənilirdi. Amma bu idmandır. Ümumilikdə çıxışı normal sayıram.
- Siz özünüz də Riodaydınız. Orda təşkilatçılıqla bağlı problemlərin şahidi oldunuz?
- Olimpiadada 200-dən artıq ölkənin idmançıları iştirak edir. Belə olan halda problemlər qaçılmazdır. Mən özüm görməsəm də, kiminsə Olimpiya Kəndində verilən yeməkdən zəhərləndiyini eşitmişdim. Gözdəniraq, ara məhlələrdə dolaşan idmançılar problemlə üzləşirdi. Bizim orda nə işimiz var?
- Yunan-Roma güləşçilərimiz 2004-cü ildən bu yana Olimpiadada belə zəif çıxış etməmişdi. Bunun səbəbini nədə görürsünüz?
- Federasiya rəhbərliyi tərəfindən nə lazımdısa hamısı edilmişdi. Güləşçilər bu hazırlıqla hələ yaxşı çıxış etdi. Məncə burda məşqçi faktoru önəmli rol oynadı.
- Belə çıxır ki, Cəmşid Xeyrabadi komandanın funksional hazırlığını düzgün qurmayıb?
- Bəli. Federasiya istənilən səviyyədə təlim-məşq toplanışları keçmək üçün komandaya şərait yaratmışdı. Sadəcə, baş məşqçi tərəfindən hazırlıq prosesi düzgün qurulmamışdı. Hər halda, mən belə fikirləşirəm.
- İdmançıya fiziki, taktiki, texniki, psixoloji hazırlıqla yanaşı, idman xoşbəxtliyi də lazımdır. Rövşən Bayramovda məhz idman xoşbəxtliyinin çatmadığını söyləyə bilərik?
- Mən belə düşünmürəm. İki Olimpiadada gümüş medal qazanmaq qəhrəmanlıqdır. Rövşən bu Olimpiya Oyunlarından da medal gətirə bilərdi. Olimpiya çempionu kimi əminliklə deyirəm ki, uduzduğu vəziyyəti hazırlıq prosesində işləməyib. Bu da yenə baş məşqçinin üzərinə düşən məsuliyyətdir.
- Rəsul Çunayev son olimpiya tsiklində əksər yarışlarda 71 kq-da güləşdi. Olimpiada ərəfəsində çəkisini 66 kq-a saldı. Bəziləri onun finala çıxa bilməməsində çəki salmanın rol oynadığını deyir. Siz bu fikirlə razısınız?
- Yox. Çünki Rəsul o qədər də böyük çəki salmadı. Sadəcə, əlinə düşən fürsəti qaçırdı. Etiraf edək ki, yarımfinaldakı rəqib də zəif deyildi.
- Hakimliklə bağlı da ciddi narazılıqlar oldu. UWW-nin hakimlər vasitəsiylə ruslara dəstək olduğunu düşünənlər az deyil. Buna münasibətiniz necədir?
- Xalça üzərində rəqabət gedir. Əgər mən rəqibdən güclüyəmsə, hakim nə qədər məni sıxsa da, mənə qələbə çalmalıyam. Düzdür, bəzi elementar səhvlər oldu. Ancaq başqa tərəfə yozmaq lazım deyil. Hakim fərdi şəkildə səhv edə bilər. Amma qərəzli idarəçilik olduğunu düşünmürəm.
- 85 kq-da İslam Abbasovun Olimpiadaya aparılmalı olduğunu düşünürsüzmü?
- İslam gənc güləşçilərimizdəndir. Ən azı Saman Təhmasibi kimi o da güləşə bilərdi. Tokio-2020-yə qədər Olimpiada həyəcanını yaşayardı, təcrübə qazanardı. Artıq Saman çıxışını başa vursa da, İslam bu yolda adımlarını yenicə atır.
- Şaban Donatı Cəmşid Xeyrabadinin layiqli əvəzləyicisi saymaq olar?
- Buna federasiya rəhbərliyi qərar verəcək. Bildiyiniz kimi, Donat hazırda gənclərdən ibarət yığmamızı çalışdırır. Artıq biz onu öz məşqçimiz sayırıq. Amma bizim də yaxşı mütəxəssislərimiz var ki, rahat yığmada baş məşqçi işləyə bilər. Məncə onların xidmətindən yararlanmaq lazımdır. Komandaya çox yaxşı mütəxəssis lazımdır. Hansı ki, həm millini təlim-tərbiyə baxımından toparlasın, həm də yaxşı məşqlər keçsin.
- Bir dəfə bu postda olmusunuz. İndi daha təcrübəlisiniz. Yenidən baş məşqçi işləmək istərdiniz?
- Yox (gülür).
- Rövşən Bayramovun karyerasını davam etdirib-etdirməyəcəyi hələ bilinmir. Güləşə davam etsə, Tokio-2020-də yaşı 30-dan çox olacaq. Həmin yaşda uğur qazana bilər?
- Olimpiadadan öncə demişdim ki, artıq Rövşənin karyerasının sonlarıdır. Amma bu o demək deyil ki, Olimpiya Oyunları bitən kimi Bayramov güləşdən ayrılmalıdır. Əgər alınırsa, yoluna davam edə bilər. Amma yarımfinaladək yüksəlməsi göstərir ki, onda hələ alınır. Sadəcə, düzgün qurulmayan məşqlərin nəticəsində finalın bir addımlığında yapona uduzdu. Məncə yığmanın çalışdırıcısının kimliyindən çox şey asılı olacaq.
- Ən yüngül çəkidə çoxlu güclü güləşçilərimiz var. Bəlkə onların yolunu açmağın vaxtı çatıb?
- Heç kimin yolu bağlı deyil ki. Burda açıq rəqabət gedir. Bu çəkidə elə güləşçi olmalıdır ki, Rövşənə qalib gələ bilsin. Bayramov da anlamalıdır ki, artıq mənlik deyil, mən getməliyəm. Heç kim nə Elçin Əliyevin, nə də Taleh Məmmədovun qarşısını kəsib. Baş məşqçi kim yaxşıdırsa, onu da əsas heyətə salmalıdır.
- Başqa çəkilərdə islahatlara ehtiyac var?
- İlk növbədə klublar yaxşı işləməlidir. Rəqabəti gücləndirmək üçün güclü güləşçilərin çox olması vacibdir. Hər güləşçi məsuliyyətli və ehtiyatlı olmalıdır. Bilməlidir ki, 2-ci nömrə olan həmkarı arxasında dayanıb. Belə olan halda o büdrəməmək üçün əlindən gələni edəcək.