İsayev Rioda Azərbaycana ilk qızıl medalı qazandırdı

Rio-de-Janeyroda təşkil olunan Yay Olimpiya Oyunlarındakı taekvondo yarışları Azərbaycan üçün uğurlu başa çatıb. Azerisport.az xəbər verir ki, son gündə Azərbaycan idmançısı, dünya və Avropa çempionu Radik İsayev mübarizə aparıb.
Turnirdə 80 kiloqramdan yuxarı çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz 1/8 final mərhələsindəki ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb. Rəqibini 11:2 hesabı ilə məğlub edən milli komandamızın üzvü növbəti mərhələyə adlayıb.
Azərbaycan taekvondoçusu 1/4 finalda gərgin keçən görüşdə Cənubi Koreya idmançısı, Pekin Olimpiadasının qızıl medalçısı Ça Donqmini 12:8 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
İsayev yarımfinalda Mahama Ço (Böyük Britaniya) ilə döyüşdən də qalib ayrılaraq Olimpiya Oyunlarının finalına yüksəlib.
Finalda Niger idmançısı Abdulrazzak İssufuyə qarşı inamla döyüşən Radik İsayev rəqibinə böyük üstünlüklə qalib gəlib. Rəqibin başına zərbə endirməyə imkan tapan təmsilçimiz 3:0 hesabı ilə önə keçib. İkinci raund bu hesabla başa çatıb. İdmançımız sonuncu raundda ikinci dəqiq zərbə ilə hesabına daha üç xal əlavə edib - 6:0. Nigerli idmançının gücü yalnız 2 xal qazanmağa yetib.
Beləliklə, final döyüşünü 6:2 hesabı ilə başa vuran İsayev Rioda Azərbaycana ilk qızıl medalı qazandırıb.