Abakarova Azərbaycana daha bir medal qazandırdı

Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, mötəbər turnirin 12-ci günündə - avqustun 17-də qadınlar arasında taekvondo yarışlarına start verilib.
Azərbaycan yığmasının üzvlərindən ilk olaraq mübarizəyə Avropa çempionatının və Bakı-2015-in bürünc mükafatçısı Patimat Abakarova qoşulub.
Amma onun dayanq üzərində ilk çıxışı uğursuz olub. Turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan P.Abakarova 1/8 finalda hazırki Avropa çempionu, eləcə də ötən il dünya çempionatının bürünc, birinci Avropa Oyunlarının gümüş medalçısı serbiyalı Tiyana Boqdanoviç ilə qarşılaşıb. Döyüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan P.Abakarovanın sonrakı çıxışı məhz bu rəqibinin finala çıxmasından asılı idi. Xoşbəxtlikdən, Boqdanoviç finala qədər irəliləyib və taekvondoçumuz təsəlliverici görüşlərə çıxmaq imkanı qazanıb.
Abakarovanın bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici görüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub və Azərbaycana yeddinci medalı qazandırıb.