Valentin Demyanenko da Rioda finala çıxdı

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan idmançısı Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb.
Demyanenko seçmə yürüşdə bolqarıstanlı Angel Kodinov, italiyalı Karlo Taççini, “Bakı 2015” birinci Avropa Oyunlarının qalibi litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoğadam və avstraliyalı Ferents Şekşardiyə qarşı yarışıb. Məsafəni 39,749 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.
Azərbaycan idmançısı yarımfinalda almaniyalı Stefan Kiraj, gürcüstanlı Zaza Nadiradze, portuqaliyalı Helder Silva, macarıstanlı Conatan Haydu, Yuri Çeban (Ukrayna) və Kanada avarçəkəni Mark Olderşava qarşı yarışıb. Yarımfinalda məsafəni 40.298 saniyəyə qət edən idmançımız finala yüksəlib.
Final yürüşü avqustun 18-də keçiriləcək.