Osipenko-Radomskaya finalda!

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb.
O, öncə seçmə yürüşündə uğurla çıxış edib. İdmançımızın seçmə yürüşdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.
Məsafəni 1 dəqiqə 51.750 saniyəyə qət edən idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib.
Osipenko-Radomskaya yarımfinalda da uğurla çıxış edib. Sloveniyalı Spela Ponomarenko Yaniç, Böyük Britaniya təmsilçisi Raçel Kavtorn, Bridcit Hartley (Cənubi Afrika Respublikası), kanadalı Emile Fournel, portuqaliyalı Tereza Portela və almaniyalı Fransiska Veberə qarşı yarışan kayakçımız məsafəni 1 dəqiqə 57,627 saniyəyə qət edərək finala yüksəlib.
Final yürüşü avqustun 18-də keçiriləcək.