Türkiyəli məşqçi Azərbaycanda boccianın inkişaf proqramını hazırlamağa kömək edəcək
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Bakıda səfərdə olan Türkiyənin boccia idman növü üzrə beynəlxalq dərəcəli məşqçisi, həmin ölkədə boccia idman növünün yaradıcılarından biri olan Nihat Yılmazı qəbul edib. Azerisport.az xəbər verir ki, qəbul zamanı Azərbaycanda boccia idman növünün inkişaf etdirilməsinin həlli yolları müzakirə edilib.
Daha sonra Yılmaz Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımovla görüşüb. Hər iki görüşdə Azərbaycan və Türkiyədə boccia idman növünün inkişaf etdirilməsində birgə fəaliyyət, ölkəmizdə bu idman növü üzrə məşqçi və hakimlərin hazırlanması, regionlarda bölmələrin yaradılması və 2016-cı ildə Bakıda boccia idman növü üzrə respublika çempionatının keçirilməsinin mümkünlüyü geniş müzakirə edilib. Bu məqsədlə 2016-cı il üçün yeni bir proqramın hazırlanması nəzərdə tutulur və proqramın həyata keçirilməsinə Yılmaz öz dəstəyini verəcək.
Qeyd edk ki, N.Yılmaz Bakıda keçirilən boccia idman növü üzrə II “Seni CUP” turnirində iştirak edib, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində boccia idman növü üzrə məşqçi-müəllim və idmançı heyəti üçün təlim-məşq seminarı keçirib.