İlqar Rəhimov: Paralimpiya Komitəsi qarşıya qoyulmuş məqsədi laiqincə yerinə yetirdi
Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin “Bakı-2015” Avropa Oyunlarının yekunlarına həsr olunmuş iclası keçirilib. Azerisport.az xəbər verir ki, ARMPK-nin prezidenti İlqar Rəhimov iclası açaraq qeyd edib ki, “Bakı-2015” Avropa Oyunlarının yüksək səviyyədə keçirilərək uğurla başa çatması ölkəmızın qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Azərbaycan idmançıları yüksək nəticələr əldə edərək, 50 ölkə arasında ikinci yerə çıxmaqla Azərbaycanda digər sahələrdə olduğu kimi idmanın da sürətlə inkişaf etdiyini sübut etdilər. Sevindirici haldır ki, yarış kecirilən bütün idman arenalarında fiziki məhdudiyyətli şəxslər üçün beynəlxalq standartlara cavab verən şərait yaradılmış və həmin şəxslər böyük həvəslə bütün yarışları izləmişlər. O, oyunlar zamanı ölkə başçısı cənab İlham Əliyevin və “Bakı-2015” I Avropa Oyunlarının təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın paralimpiyaçı idmançılara xüsusi diqqət yetirdiklərini bidirərək, onlara Paralimpiya ailəsi adından təşəkkür etdi. Bu Oyunların Milli Paralimpiya Komitəsi üçün xüsusi önəm daşıdığını vurqulayaraq, Komitə tərəfindən qarşıya qoyulmuş məqsədin laiqincə yetirildiyini və oyunlarda iştirak edən üç idmançının bir qızıl, bir gümüş və bir bürünc medal qazandıqlarını qeyd etdi.
Daha sonra I “Bakı-2015” Avropa Oyunlarının çempionu İlham Zəkiyev, ikinci yerin qalibi Səbinə Abdullayeva, bürünc medal qazanmış Zakir Mislimov və onların məşqçiləri çıxış edərək öz təəssüratlarını bölüşməklə yanaşı, belə bir möhtəşəm tədbirin Bakıda keçirildiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər.
İclasın sonunda Azərbaycan Respublikası Paralimpiya Hərəkatının inkişafında göstətdiyi xidmətlərinə görə idmançı Zəkiyev İlham Əzizağa oğlu Milli Paralimpiya Komitəsinin “Paralimpiya Medalı ilə, “Bakı-2015” I Avropa Oyunlarında yüksək nailiyyətlərinə görə idmançı Abdullayeva Səbinə Xanlar qızı, idmançı Mislimov Zakir Qafur oğlu, baş məşqçi İbrahimov İbrahim Eldar oğlu, şəxsi məşqçilər Rəcəbli Elxan Əhməddin oğlu, Əliyev Yangibar Eldar oğlu və Baratov Pərviz Qədəş oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif edildilər.
Bununla yanaşı “Bakı-2015” I Avropa Oyunlarının hazırlanıb keçirilməsində fəal iştiraklarına görə hakim Hüseynov Fariz Adil oğlu, ARMPK-nin şöbə müdiri Məmmədov Kamal Cabir oğlu və ARMPK-nin mütəxəssisi Məhərrəmov İlham Adil oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Diplomu ilə təltif olundular.
Qeyd edək ki, Avropada ilk dəfə kecirilən “Bakı 2015” I Avropa Oyunlarında keçirilən yarışlarda cüdo idman növü üzrə 2 çəkidə 10 ölkədən 16 nəfər paralimpiyaçı iştirak etmişdir. Azərbaycan Milli Paralimpiya Komitəsinin 3 idmançı, İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva da həmin yarışlara qatılmışlar. Nəticə olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları oyunlarda 3 medal qazanmışlar. Belə ki, Paralimpiyaçı cüdoçular arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Abdullayeva İspaniyalı Mariya Monik Merensiano Herrero və Ukrayna təmsilçisi Nataliya Nikolayçuku məğlub edərək finala yüksəlib. Cüdoçumuz qızıl medal uğrunda görüşdə ciddi zədə aldığı üçün digər Ukrayna təmsilçisi İnna Çernyaka məğlub olaraq birinci Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənməli olub.
Kişi paralimpiyaçı cüdoçuların 90 kiloqramdan yuxarı çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunub. Mübarizəyə yarımfinaldan qoşulan ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev yunanıstanlı atlet, dünya kuboku yarışlarının bürünc mükafatçısı Klimis Papaçristosu ipponla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Ukrayna təmsilçisi Aleksandr Pominova qalib gələn İlham Zəkiyev Azərbaycana 18-ci qızıl medalı qazandırıb. Yarışın bürünc medalına Azərbaycan cüdoçusu Zakir Mislimov sahib olub.
Umimiyyətlə oyunlarda 20 idman növü üzrə yarışlar keçirilmiş, azərbaycanlı idmançılar 6 idman növü üzrə qızıl medal qazanmışlar ki, bunlardan biri də paralimpiya cüdosudur.