Zaur Hacıbabayev: Yemelyanenkodan çempionluq kəmərini almaq böyük şərəf idi

MMA üzrə Azərbaycan çempionu, Dünya Kubokunun sahibi, Avropa çempionatının mükafatçısı Zaur Hacıbabayev Minskdə keçirilən həvəskarlar arasında dünya çempionatının qalibi olub. Azərisport.az xəbər verir ki, Hacıbabayev ardıcıl 4 qələbədən sonra finala çıxıb və həlledici görüşdə Qazaxıstan idmançısı Moxmad Sulimanovu nokautla məğlub edib.
Qələbə təəssüratlarını dünya çempionu bizimlə bölüşüb: "Belarusa yola düşəndə hədəfim çempionluq idi. Çox istəyirdim ki, Bakıya dünya çempionu kimi qayıdım. İlk iki döyüşdən sonra mübarizənin çətin olacağını hiss edirdim. Allaha dua edirdim ki, gücüm finala qədər kifayət etsin. Minskdə mənə dəstək olan dostlar və eyni zamanda yaxın insanlar daha həvəslə mübarizə aparmağıma kömək oldu. Finalda yarışdığım Qazaxıstanlı idmançı yaxşı fiziki göstəricilərə malik idi. İnanmırdım ki, döyüşümüz erkən başa çatsın. İlk raund zamanı artıq üstünlük mənim tərəfimdə idi. İkinci hissədə ardıcıl zərbələrdən sonra nokaut qaçılmaz oldu və qələbəm rəsmiləşdi. Karyeramda ən böyük uğura imza atdım. Çox sevinirəm ki, idmançı karyeramda belə yüksək titula sahib çıxdım."
Zaur Hacıbabayev mükafatlandırma mərasimində çempionluq kəmərini peşəkar MMA üzrə dünya və Avropa çempionu, canlı əfsanə Fyodr Yemelyanenkodan qəbul etməsini özü üçün böyük şərəf adlandırıb: "Yemelyanenko MMA-ın canlı əfsanəsidir. Qarışıq döyüş növlərinin ən titullu idmançısıdır. Çempionluq kəmərini belə insandan almaq qürurvericidir. Mükafatlandırma mərasimi zamanı Fyodr məni təbrik etdi, eyni zamanda layiqli çempion olduğumu söylədi. Ötən ilin dekabrında Bakıya səfərini xatırladan Fyodr MMA-ın ölkəmizdə inkişafda olduğunu bildirdi. Bu uğura nail olduğum üçün bütün Azərbaycan MMA Liqasına, eləcə də şəxsi məşqçilərimə təşəkkürümü bildirirəm. Əsas karyeram bundan sonra başlayır."
Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov Zaur Hacıbabayevin çempionluğu barədə bunları deyib: "Zaur artıq bir neçə ildir Azərbaycan MMA Liqasında ən perspektivli idmançılardan sayılır. Qısa müddət ərzində əldə etdiyi uğurlar düzgün yolda olduğumuzu göstərdi. O, Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı. Avropa çempionatında mükafatçı oldu və indi dünya çempionatının qızıl medalına layiq görüldü. Minskdəki çempionat ərəfəsində Zaur xüsusi təlim-məşq toplanışında iştirak edib. Təcrübəli məşqçilərin rəhbərliyi altında hazırlaşan Zaur güclü idmançılarla sparrinq döyüşlərdə iştirak edib. Minskdə böyük arenada azərbaycanlı idmançının belə qələbəsini görmək çox sevindirici idi. Qələbədən sonra çoxlu sayda təbriklər aldıq. Ümumdünya Qarışıq Döyüş növləri Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn, əfsanəvi Fyodr Yemelyanenko Azərbaycan idmançısının uğurunu yüksək qiymətləndirdi."
Rövşən Həsənov eyni zamanda WMMAA ilə əlaqələrdən danışaraq yaxın zamanlarda Fyodr Yemelyanenkonun yenidən Azərbaycana səfər edə biləcəyini söylədi: "Bildiyiniz kimi 2013-cü ilin dekabrında MMA üzrə Dünya Kuboku Bakıda təşkil edildi. Həmin turnirdə Vadim Finkelşteyn və Fyodr Yemelyanenko da iştirak etdilər. Fyodr Azərbaycanda digər idman növləri kimi MMA-ın da inkişafda olmasını çox istəyir. Minskdə söhbətimiz zamanı Bakıdakı turnirin yüksək səviyyədə keçirildiyini yada saldı. Biz də fürsətdən istifadə edib məşhur idmançını yenidən paytaxtımızda görməyə şad olacağımızı bildirdik. Danışıqlar davam edir, rəsmi məlumat olanda mətbuata təqdim olunacaq. Amma Fyodrın ölkəmizə səfəri gündəmdədir. Dekabrda onu çox isti qarşıladıq. Bu dəfə azarkeşlərlə və media ilə görüşə daha çox vaxt ayırmağa çalışacayıq."