Elnur Məmmədov: Gələcəkdə Badr Harinin döyüşü Bakıda keçirilə bilər

Azerisport.az sizi "Best of the Best" promoşn qrupunun prezidenti, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə nümayəndəsi Elnur Məmmədovun müsahibəsi ilə tanış edir.
- Bakıda keçirilən World Max K-1 Gran-Pri turnirində Ziya və Tural Bayramov qardaşlarının qələbəsi menecerlər tərəfindən maraqla qarşılandı. Bu idmançıların növbəti görüşü nə vaxt olacaq?
- World Max K-1 Gran-Prinin yüksək səviyyədə keçirilməsi Azərbaycan idmanı adına böyük uğur oldu. "Sərhədçi" Olimpiya İdman Mərkəzində yüksək səs effektləri və gözəl tərtibatla bir-birindən maraqlı döyüşlər izlədik. Bayramov qardaşlarının qələbəsi dünya mediasında xüsusi qeyd olunub. Ziyanın məşhur mərakeşli Omar Al Amrani üzərində parlaq qələbəsi əcnəbi jurnalistlər və məşqçilər tərəfindən rəğbətlə qarşılandı. Heç kim Ziyanın nokautla qələbə qazanacağını gözləmirdi. Yüksək hazırlıq keçən Ziya layiq olduğunu qələbəni qazandı. Eyn sözləri Tural haqda da demək olar. Hər iki idmançı yüksək fiziki hazırlıq və döyüş nümayiş etdirdi. Digər idmançılar da pis təsir bağışlamadı. İsmət Ağazadə məğlub olmasına baxmayaraq mübarizədən qaçmadı və sona qədər rəqibi həyəcan içində saxladı. Hazırda Ziya nüfuzlu "Glory"dən dəvət alıb. Aprelın 12-də İstanbulda rinqə çıxacaq. Turalın növbəti görüşü isə may ayına təsadüf edəcək.
- K-1 brendinin sahibi Mayk Kim Bakıdakı yarışdan hansı təəssüratlarla ayrıldı...
- Bu gün K-1 dünyanın ən nüfuzlu brend olaraq qalır. İkinci yerdə "Glory" təşkil etdiyi şoulardır. Mayk Kim Azərbaycanda keçirilən şounun dünya standartlarına cavab verdiyini söylədi. Təşkilatçılığımızı yüksək qiymətləndirdi. Bu möhtəşəm şou K-1-in Azərbaycanda eləcə də dünyada tanınması üçün vacib idi. Məqsədimiz Azərbaycanda güclü idmançılar yetişdirməkdir. Biz məşhir K-1 turnirlərinin finalında öz idmançılarımızı görmək istəyirik.
- Turnirin fəxri qonağı Badr Harinin Bakıya gəlişi azarkeşlərin marağına səbəb oldu. Gələcəkdə onunla əməkdaşlığı davam etdirmək fikriniz varmı?
- Badr Hari K-1-in əfsanəsi, məşhur idmançı olmaqla yanaşı həm də bizim yaxın dostumuzdur. Onun Bakıya gəlməsi dünya mediası tərəfindən işıqlandırıldı. Ölkəmizə ilk səfərindən razı qaldı. Biz onun gəlib Bakını eləcə də keçirdiyimiz World Max Gran-Prini izləməsini istəmişdik. Gələcəkdə də Badr Hariylə əməkdaşlığımız olacaq. Hətta istisna deyil ki, onun gələcək görüşlərindən biri Bakıda keçiriləcək.
- Məşhur Badr Harinin iştirak etdiyi turnir Bakıda keçirilə bilər?
- Əlbəttə. Bakıda keçirilən mətbuat konfransında da gələcəkdə paytaxtımıza fəxri qonaq kimi deyil idmançı kimi gələ biləcəyini söyləmişdi. World Max Gran-Pridən sonra Azərbaycan böyük etimad qazandı. Ona görə də Badr Harinin Bakıda mübarizə aparması real məsələdir. Sadəcə hadisələri qabaqlamaq istəməzdim. Azərbaycanda dövlət tərəfindən idmana yüksək diqqət göstərilir. Biz də K-1-i inkişaf etdirmək istəyirik.
- K-1-də gənc idmançıların hazırlanması necə keçirilir?
- Bizim məşqçilərimiz daim seleksiya işləri aparırlar. Gənc və perspektivli idmançıların əksəriyyəti özü bizə müraciət edir. K-1 üzrə hazırlaşmaq və çıxış etmək istəyir. Ən yaxşıları biz daim nəzarətdə saxlayırıq və onlara inkişaf etmək imkanı yaradırıq. Bu gün bizim K-1 brendiylə əməkdaşlığımız sayəsində idmançılarımız nüfuzlu şoularda Azərbaycanı təmsil edir. Məşhur World Max Gran-Pri və ya digər turnirlərdə ölkəmizin idmançısının iştirakı təqdirəlayiq haldır.
K-1 Azərbaycan-ın mətbuat xidməti