Azad Rəhimov Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyasında
Oktyabrın 26-31-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyası keçiriləcək. Azerisport.az xəbər verir ki, Assambleyada Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edəcək.
Tədbir çərçivəsində adı çəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr və Atletlər Komissiyası iclası, həmçinin təşkilatın 68-ci İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.
Baş Assambleyada Qitə Assosiyasiyaları olan Avropa Olimpiya komitəsi, Asiya Olimpiya Konsulluğu, Afrika Milli Olimpiya Komitələrinin Assosiyasiyası, Panamerika İdman Təşkilatı və Okeaniya Milli Olimpiya Komitələrinin məruzə çıxışı həyata keçiriləcək.
Əlavə olaraq, Rio de Janeiro, Tokio Yay Olimpiya Oyunları və Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2018-ci il Buenos Ayres və 2016-cı il Lillehammer Olimpiya Oyunları da müzakirə olunacaq.
Xatırladaq ki, növbəti Milli Olimpiya Komitələrinin Assosiyasiyasınn 21-ci Baş Assambleyası Rio de Janeiroda baş tutacaq.