Yay Olimpiya Oyunlarının 12 qəhrəmanı
Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin ikinci Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları möhtəşəm nəticə göstəriblər. Azerisport.az xəbər verir ki, 29 idman növü üzrə keçirilmiş yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edirdi.
Azərbaycan 9 idman növündən (avarçəkmə, cüdo, taekvando, boks, sərbəst güləş/yunan–roma güləşi, üzgüçülük, atletika, kamandan oxatma, güllə atıcılığı) 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmiş 86 ölkə arasında 10-cü yeri tutub. Qazanılmış medalların sayına görə (12 medal) Azərbaycan 14-cü yeri tutub. Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci yerdədi.
21 idmançıdan 12-si vətənə medalla qayıdır.
Qızıl medal alan idmançılar:
1. Səid Quliyev (73 kq)- taekvando
2. İslambek Dadov (69 kq)- yunan roma
3. Rüfət Hüseynov (49 kq)- boks
4. Teymur Məmmədov (63 kq)– sərbəst güləş
5. İqbal Hacızadə (100 kq)- sərbəst güləş
Gümüş medal:
1. Leyla Əliyeva (44 kq)- cüdo
2. Natiq Qurbanlı (55 kq)- cüdo
3. Ceren Ozbek (44 kq)- Taekvando
4. Baris Yotov - avarçəkmə ( 1 nəfərlik qayıq)
5. Cabbar Nəcəfov (50 kq)- yunan roma güləşi
6. Leyla Qurbanova (52 kq)- qadın güləşi
Bürünc medal:
Nazim Babayev- atletika (3 təkanla tullanma)
Sinqapurda Yeniyetmələrin birinci Yay Olimpiya oyunlarına nəzər salsaq, bu oyunlarda Azərbaycan 5 idman növündə (ağır atletika, güləş, boks, cüdo, avarçəkmə) 12 nəfərdən ibarət komanda ilə iştirak etmişdir. Nəticədə 3 idman növündə (ağır atletika, güləş, boks) 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-cü yeri tutmuşdur. Eyni zamanda Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olmuş, ümumi hesabda İslam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutub. (AGİN mətbuat xidməti)