Ayxan Mamayev: Qələbəni anama həsr edirəm
24 sentyabr 2013 13:23

İslam Həmrəylik Oyunlarında qızıl medal qazanan karate ustası Ayxan Mamayev (-84 kq) qələbədən sonra azerisport.az saytının suallarına cavab verib.
- Təbrik edirik. Bu uğuru gözləyirdinmi?
- İndoneziyaya gələndə qızıl medal qazanmaq barədə düşünürdük. Amma idmanda proqnoz vermək mümkün deyil. İlk rəqibləri məğlub edəndən sonra qızıl medala olan ümidim artdı. Finalda Misir idmançısı mənə qarşı sona qədər müqavimət göstərsə də, uduzmağı heç ağlıma gətirmədim. Çünki finalda yalnız qələbəyə sevinirsən. Məğlubiyyətə çox üzülərsən. Hesabın 9:1 olması özü layiqli qələbə qazandığımı göstərir.
- Bu qələbə nəyi dəyişəcək?
- Karatedə böyük uğurlar qazanmaq istəyirəm. Oktyabrda hərbi xidmətə çağrılmışam. İslam Oyunlarında qələbə qazanmaqla yığmada hazırlığımı davam etdirmək imkanı qazanacam. İstəyirdim karateçilərin qazandığı medalların arasında mənim də töhvəm olsun. Bu gün Şahin Atamov da yaxşı çıxış etdi. Ümumiyyətlə bütün karateçilərimiz medala iddialıdı.
- İlk təbriki kimdən aldın?
- Finaldakı qələbədən sonra məşqçilərimiz, komanda yoldaşlarım, federasiya və MOK rəhbərliyi məni təbrik etdi. Az sonra isə evdəkilər zəng vuraraq İndoneziyaya elə belə getmədiyimi dedilər. Yaxınlarımın sevincini görmək böyük xoşbəxtlikdi.
- Yarışın təşkilatçılığı haqda nə deyə bilərsən?
- İndoneziya yarışı yüksək səviyyədə keçirmək üçün əlindən gələni edir. Bəzi məqamlarda problem olsa da, biz onları başa düşməliyik. Ümumilikdə mənim üçün İslam Oyunları uğurlu oldu. Bu qələbəni tezliklə unutmaq və daha böyük yarışlarda medal qazanmaq barədə düşünəcəm.
- Karatedən başqa daha hansı növlərdən medal gözləyirsən?
- Karateçilərimiz azı 4 medal qazanacaq. Ona görə uğurlarımız davamlı olacaq. Hər bir idmançıdan uğur gözləyirik. Amma ağır atletikada gözləntilərimiz daha çoxdu. Ona görə medallarımızın sayı çox olacaq. İlk sevindirən karateçilər oldu. Demək istəyirəm ki, yarışa gələn komandalar güclü karate heyətiylə gəlib.
- Qələbəni kimə həsr edirsən?
- Qələbə hamınındı. Çempion kimi qələbəni anama həsr edirəm. Mənə dəstək olan insanla təşəkkür etmək istəyirəm. Mübarizə aparan mən olsam da, uğura gedən yol məşqlər və hazırlıqdan keçir.