Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu
Azərbaycan karateçiləri daha bir tarix yazdılar. Azerisport.az xəbər verir ki, idmançılarımız Avstriyanın Linz şəhərində 118 ölkənin qatıldığı karate üzrə 24-cü Dünya çempionatını 5-ci pillədə, Avropa ölkələri arasında isə 2-ci yerdə başa vurdu.
Rafael Ağayevin (-75 kq) 5 qat dünya çempionluğu, Ayxan Mamayevin (-84 kq) gümüş medala, Firdovsi Fərzəliyevin (-60 kq) isə bürünc mükafata sahib olması, medala layiq ola bilən 26 ölkə arasında bizə yüksək nəticə qazandırdı. Komanda yarışlarının bürünc mükafatı uğrunda Fransa idmançıları ilə mübarizə aparan karateçilərimiz təəssüf ki, hakim haqsızlığı üzündən medalsız qaldılar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya karate Federasiyası Texniki komitəsinin üzvü Yaşar Bəşirova bu tarixi nəticə ilə bağlı həmkarları tərəfindən xoş sözlər ünvanlandı. Federasiyanın birinci vitse-prezidenti və baş məşqçinin vəzifəsini icra edən Rəhman Hətəmovun, həmçinin böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov və Rəşad Hüseynovun çalışdırdığı milli komandamızın bu yüksək nəticəsi, mütəxəssislər tərəfindən də alqışlanıb.
Yarışın təntənəli bağlanış mərasimində Dünya karate Federasiyasının (WKF) prezidenti Antonio Espino şəxsən Rafael Ağayevə və dünyanın daha 5 ən titullu karateçilərinə "Karatenin ən yaxşılar"-ını rəmz etdirən hədiyyələr təqdim edib, onlara səmimi fikirlərini çatdırıb.
Dünya çempionatının hər üç medalına sahib olan karateçilərimiz noyabrın 1-də vətənə dönəcəklər.