Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar. Azerisport.az xəbər verir ki, finalda misirli rəqibini 4:1 hesabı ilə məğlub edən Rafael Ağayev (-74 kq, şəxsi məşqçisi Fizuli Musayev) 5-ci dəfə dünya çempionu olmaqla karate aləmində yazdığı tarixi yeniləyib.
Karatenin canlı əfsanəsi, çempionatın son günü komanda yarışlarında fransa idmançılarına qarşı da tatamiyə çıxacaq.
Gənclər arasında dünya çempionu Ayxan Mamayev (-84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) təəssüf ki, yaponiyalı idmançı ilə 0:5 hesablı finalda bu nəticəsini böyüklərin yarışında təkrarlaya bilməyib. Avropa Oyunlarının ilk qalibi kimi tarixə düşən Firdovsi Fərzəliyev (-60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) isə finala çıxışda hakim haqsızlığıyla üzləşsə də, mərakeşli idmançıyla bürünc medal uğrunda görüşü qələbəylə başa vuru.b Hesab açılmasa da, hakimlər daha fəal olan və hücumlara meylli F.Fərzəliyevin xeyrinə qərar veriblər.
İlk mükafatlar gününün nəticəsinə əsasən Azərbaycan medal qazana bilən 25 ölkə arasında dünyada 5-ci, Avropada isə 2-ci yeri tutub. Yarışda 118 ölkədən 1025 idmançı iştirak edir.
30 oktyabrda komanda görüşləri ilə dünya çempionatına yekun vurulacaq. Bürünc medal görüşünə çıxan milli komandamızın rəqibi Fransa karateçiləri olacaq.