Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!
Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər. Azerisport.az xəbər verir ki, Kolumbiya, Serbiya, Argentina və Gürcüstanlı rəqiblərinə qalib gələn A.Mamayev yarımfinalda fransalı idmançını məğlub edib. Finalda onun rəqibi yaponiyalı karateçi olacaq.
Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistanlı rəqiblərini məğlub edən R.Ağayev isə yarımfinalda İranlı idmançıya qalib gəlib. 4 qat dünya və 13 dəfə avropa çempionu final uğrunda həlledici görüşdə sifətindən zədə alsa da sonadək müvbarizə apararaq qələbəni əldə edib. 5-ci dünya çempionluğu uğrunda o, misir idmançısı ilə görüşəcək.
Asiman Qurbanlının finala yüksəlmək şansı olsa da, gənc perspektivli idmançı Honq Konq, Ukrayna və tanınmış Almaniyalı karateçini məğlub etdikdən sonra Bosniya və Herseqovina təmsilçisinə uduzub. Rəqib növbəti mərhələni adlaya bilmədiyindən A. Qurbanlı təsəlliverici görüşlərə qatılmaq şansını da itirib. Mütəxəssilər ilk dəfə dünya çempionatına qatılan Aisman Qurbanlının çıxışlarını yüksək qiymətləndiriblər.
Qadınlardan İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq), kata yarışlarında isə Roman Heydərli ilə Neda Rezai mükafatçılar sırasına düşə bilməyiblər. Böyüklər arasında Avropa üçüncüsü olan 17 yaşlı R. Heydərov 3-cü görüşdə buraxdığı səhv üzündən rəqibinə 1 xal fərqi ilə yenilib. İ. Zaretska isə hakimlərin qərəzli qərarının qurbanı olub.
Milli komandanın digər üzvləri 27 oktyabrda fərdi yarışlara qatılacaq. Onlar həmçinin komanda yarışlarında mübarizə aparacaqlar.