Orxan Səfərov: Qələbəni rəqibə mən hədiyyə etdim

Kazanda keçirilən cüdo üzrə Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov azerisport.az saytının suallarına cavab verib.
- Ardıcıl ikinci dəfə qitə birinciliyində gümüş medal qazandın. Yarışı özün üçün necə qiymətləndirirsən?
- Kazana çempion olmaq üçün gəlmişdim. Hər məşqdə birinci olmaq haqda düşünürdüm. Yalnız çempionluğu istəyirdim. Yarışa yaxşı başlamışdım. Amma final istədiyim kimi olmadı. Təəssüf ki, yenə gümüş oldu. Finalda uduzmağı qəbul edə bilmirəm.
- Günah kimdədi?
- Əlbəttə ki, günahkar özüməm. Finalda üstünlük qazanmışdım. Görüşün başa çatmasına az qalmışdı. Üstünlüyü qorumaq əvəzinə çox böyük səhvlər etdim. Rəqib bu şansdan yararlanmaya bilməzdi. Nıəticədə qızıl medal onun oldu.
- Demək olar ki, o qalib gəlmədi, sən məğlub oldun?
- Qızıl medalı, qələbəni özüm hədiyyə etdim. İlk Avropa Oyunlarından sonra onunla Çindəki yarışda görüşmüşdüm. Fransız idmançı o zaman mənə qalib gəlmişdi. Həmin məğlubiyyət layiqli idi. Çünki, ideal formadan uzaq idim. Kazanda isə rəqibdən zəif deyildim. Ona görə də məğlubiyyəti həzm etmək çətindir.
- Finalda fəndə düşərək uduzdun. Bəlkə fransız səni yaxşı təhlil edib?
- Bu barədə bir söz deyə bilmərəm. Amma öz səhvimdən oldu. Hesabda öndə olduğumu görürdüm. Sona yaxın fəndə düşdüm. Başımı qaldıranda hesabda geri olduğumu gördüm. Artıq heç nəyi dəyişmək mümkün deyildi. Revanşımız qalsın başqa vaxta.
- Növbəti dəfə Avropa çempionatında gümüş medal qazandın. Belə davam edərsə, sənə "gümüş Orxan" deyəcəklər. Bu fikirlə razısan?
- Cüdo üzrə Avropa çempionatı yarışları böyük rəqabətlə keçirilir. Ona görə də medal qazanmaq asan deyil. Azərbaycanda bu turnirin medalçıları çox deyil. Bu mənada gümüş medal pis nəticə sayılmamalıdır.
- Avropa çempionatından sonra qarşıda hansı yarışlarda iştirak edəcəksən?
- Mayda Bakıda Böyük Dəbilqə turniri var. Xüsusi proqram üzrə hazırlaşırıq. Yarışların çoxluğu təcrübəmizi artırır. Daha yaxşı formaya qayıdırıq. Cüdoda dayanmaq olmaz. Bu mənada 10 gündən bir yarış olmalıdır. Yoxsa formanı qorumaq mümkün olmaz. Rio Yay Olimpiya Oyunlarına qədər çalışmalıyıq.
- Rio-ya kim gedəcək, sən yoxsa çəkində yarışan İlqar Müşkiyev?
- Son sözü məşqçilər deyəcək. Yəqin kimin lisenziya xalı çox olacaqsa, heyətə salınacaq. Müşkiyev də yaxşı idmançıdır. Bu gü qitə birinciliyindəki nəticəsi heç nə demir. İlqar rəqabət yarada bilən cüdoçudur. Onun bu çəkidə olması hər ikimiz üçün yaxşıdır. Rəqabət ziyan ola bilməz.