Noyabr ayının ən yaxşısı yenə Nikolas Kanales oldu
12 dekabr 2012 13:25
Noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Nikolas Kanales yenə ötən ayın ən güclü futbolçusu seçilib.
“Neftçi”nin hücumçusu respondentlərin 38 faizlik səs çoxluğunu (193 səs) qazanıb.
Kanalesin ən yaxın izləyicisi “Qarabağ”ın futbolçusudu. Bu, yarımmüdafiəçi Riçard Almeydadı. O, səslərin 14 faizini toplaya (69 səs) bilib.
Üçüncü yeri isə “Turan”ın futbolçusu Salif Ballo tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 11 faiz (58) səs toplayıb.
Maraq üçün xatırladaq ki, Kanales ötən ay da ən yaxşı futbolçu seçilmişdi. Elə Ballo da ötən ay sorğunu üçüncü pillədə başa vurmuşdu.