Mayın ən yaxşısı Kamran Ağayev oldu
7 iyun 2011 01:22
May ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Kamran Ağayev ötən ayın ən güclü futbolçusu seçilib.
Millimizin də şərəfini qoruyan Ağayev respondentlərin 32 faizlik səs çoxluğunu (259 səs) qazanıb. Onun ən yaxın izləyicisi də “Xəzər Lənkəran”dakı komanda yoldaşı Uinston Parks olub. Ötən ayın ən yaxşısı olan kosta-rikalı hücumçu bu dəfə səslərin 27 faizini toplaya (220 səs) bilib.
Üçüncü yeri isə “Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya tutub. Gürcü futbolçu əsas rəqiblərilə müqayisədə bir qədər az – 24 faiz (194) səs toplayıb.