Azərbaycan çempionu Serbiya klubuna rəqib oldu
20 noyabr 2013 00:02
Qadın həndbolçular arasında Çellenc kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu mərasimdə ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi ABU klubu da rəqibini tanıyıb.
Son illərin dəyişməz çempionu sözügedən raundda Serbiyanın “Millenium” komandası ilə qarşılaşacaq. Bu kollektiv “həndbol ailəsi”nə yeni qoşulub. 2011-ci ildə yaranmış “göy-qırmızılar”ın beynəlxalq təcrübəsi azdı. Rəqibin heyətində yalnız 2 legioner var. Milika Dukiç və İvana Draqas makedoniyalıdılar.
ABU balkanlarla gələn ilin fevralın 1-2-də görüşəcək. Cavab matçı bir həftə sonra keçiriləcək. Əgər tərəflər bir məkanda oynamağa razılaşsalar, onda matçlar 2 gündə təşkil olunacaq. Xatırladaq ki, “sarı-qırmızılar” 1/16 finalda “QAS Megas Aleksandros” (Böyük İsgəndər) klubunu 32:21 və 28:18 hesabları ilə məğlub edib.