Akrobatların bu ilki ilk milli yarışı başa çatdı
Mayın 20-21-də Heydər Əliyev adına İdman-konsert kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçirilib. Azerisport.az xəbər verir ki, iki günlük yarışlarda Bakı idman klublarının təmsilçiləri “balacalar” (2002-2010),“uşaqlar” (2000-2007), “yeniyetmələr” (1998-2006),“gənclər”(1997-2005) və “böyüklər” (2002-ci il təvəllüdlü və daha böyüklər) yaş qruplarında çoxnövçülük üzrə çıxışlarını nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən, kişi cütlükləri - Murad Əkpərov və Seymur Cəfərov (böyüklər), Seymur Babayev və Bəxtiyar İbrahimov (yeniyetmələr), qadın cütlüyü- Ləman Zeynalzadə və Ayla Zakiryaeva (uşaqlar), qarışıq cütlüklər Nurcan Cabbarlı və Ağasif Rəhimov (gənclər), Fərhad Səttarov və Nəzrin Qasımova (balacalar) fəxri kürsünün ilk pilləsinə yüksəliblər.
Qrupların çıxışlarına gəldikdə isə, kişi qrupu - Elvin Nuhov, Hüseyn Hüseynov və Rüfət Əzizov (balacalar) və qadın qrupları – Aygün Əhmədova, Nəzrin Fərmanova və Leyla Bəşirova (yeniyetmələr), Səmra Əskərzadə, Ceyla Zakiryaeva və Mina Beydiyeva (uşaqlar), Elvira Hüseynova, Fatimə Nəzərova və Arzu Məlikzadə (balacalar) qalib olublar.
Turnirdən sonra yeni başlayan gimnastlar nümunəvi çıxışları ilə iki günlük yarış həyəcanına son qoyublar.