Miro Varvodiç: Qarabağı tərk edəndən sonra başqa Azərbaycan klubundan təklif almışdım

"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiçin azerisport.az saytına müsahibəsi
- Hazırda hansısa klubda oynayırsız?
- Almaniyanın "Qroyter" klubunda çıxış edirdim. Amma son zamanlar klubsuz qalmışdım. Yenicə Avstriya klublarından biri ilə müqavilə imzalamışam. Lakin komandanın adını hələ açıqlaya bilmərəm. Yeni klubumda gələn ildən oynamağa başlayacağam.
- Azərbaycan karyeranız xatirinizdədir?
- Azərbaycan futbolu məndə xoş xatirələr buraxıb. Düzünü desəm, Azərbaycanı tərk edəndən sonra yenidən oraya qayıda bilərdim. Yerli klubların birindən təklif almışdım. Amma həmin vaxt artıq "Qroyter"in futbolçusu idim və müqaviləyə xitam vermək istəmədim. Mənim bu klubla müqaviləmin müddəti başa çatanda isə, həmin komandanız özünə yeni qapıçı tapmışdı.
- Ağdam klubunun çıxışını izləyirsiniz?
- "Qarabağ" böyük ailə, böyük klubdur. Bu komandada keçirdiyim oyunları həmişə xatırlayıram. Gözəl kollektivimiz var idi. Qurban Qurbanovu xüsusi qeyd etmək istərdim. O, əla məşqçidir. Mən də belə bir komandaya keçməklə doğru addım atmışdım. "Qarabağ" ildən ilə daha da güclənir.
- Siz bu klubda çıxış edəndə "Qarabağ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazana bilmirdi. Amma son üç mövsümdə ardıcıl buna nail olur...
- Bəli, təəssüf ki, mənim dövrümdə pley-off səddini heç cür keçə bilmirdik. Artıq üçüncü mövsüm ardıcıl bu uğura nail olmaları isə klubun daha da güclənməsinin göstəricisidir. Hətta bir dəfə qrupdan da çıxa bilərdilər. Ümid edirəm ki, bu uğurları davamlı olar.
- "Qarabağ"da hazırda iki legioner qapıçı var - İbrahim Şehiç və Boyan Şaranov. Sizcə, onların hansı daha etibarlıdır?
- Şaranovun oyununu görməmişəm. Amma Şehiç güclü qapıçıdır.
- Bəs "Qarabağ"ın heyətində kimi ən yaxşı futbolçu hesab edirsiniz?
- Orada yaxşı oyunçular çoxdur. Muarem Muarem, Reynaldo, Riçard Almeyda, Maksim Medvedev, Rəşad Sadıqov... Onlar hamısı komanda üçün önəmli fiqurlardır.
- "Qarabağ"ın heyətində hansı oyununuzu xüsusi qeyd edərdiniz?
- "Metallurq", "Piast", "Qefle", "Ayntraxt"a qarşı keçirdiyimiz oyunları. Onları unutmaq çətindir. Bu kluba salamlarımı çatdırın, onlara Avropada yeni uğurlar arzulayıram.