Əfran İsmayılov: Həmin oyunu unutmaq ağırdır
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “İnter”lə bərabərə qaldıqları oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- İlin son çempionat matçında qələbə qazana bilmədiniz...
- Həm qar yağırdı, həm də çox soyuq idi. Düzdü, qaçıb qızışırıq, amma yenə də donurduq. Buna baxmayaraq, maraqlı oyun oldu. “İnter” də yaxşı komandadır, onlar da çempion olmaq istəyirlər. İlin son oyununda qələbə qazanmaq istəyirdik, şanslarımız da oldu. Amma yararlana bilmədik.
- Bu mövsüm niyə “İnter”ə qalib gələ bilmirsiniz?
- “İnter” zəif komanda deyil ki, biz onlara mütləq qalib gələk. Beş müdafiəçi ilə oynayırlar. Çox ağıllı sistemləri var. "İnter"də oynadığıma görə, bu komandanı tanıyıram. Qalib gələ bilərdik, imkanlarımız da oldu, amma top qapıya girmədi. 2-3 dəfə top boş qapıdan çıxdı, son dəqiqlərdə Reynaldonun da fərqlənmək şansı oldu. Futboldur, belə şeylər olur. Unutmaq lazımdır.
- Bir epizodda siz qol vursanız da, ofsayd səbəbindən qeydə alınmadı...
- Hakimdir, nə deyirsə, odur. Mən heç vaxt hakimlərlə danışmıram. Səhv də desə, düzdür, düzdə desə, düzdür. Qərarını verib. Oyundankənar olmasaydı da, heç nə deyən deyildim.
- “Fiorentina” ilə oyun yaddan çıxıb?
- Düzünü desəm, unutmaq ağırdır. Çempionata köklənmək bir az çətin olur. Doğrudan da çox böyük şans idi. Baş məşqçimiz demişkən, hər bir şey təcrübədir. Çox böyük futbolçular var, çox böyük oyunlar olur. Başqa variant yoxdur, ağlımızdan çıxarmalıyıq.
- 2016-cı ili özünüz üçün necə dəyərləndirirsiniz?
- Baş məşqçi nə tapşırıq veribsə, onu yerinə yetirməyə çalışmışam. Pis-yaxşı, əsas odur ki, komandam üçün xeyrim olsun.
- “Beşiktaş”la oyun “Qarabağ”a nə verə bilər?
- Yoxlama oyunu elə də böyük önəm daşımır. Amma “Beşiktaş”la əməkdaşlıq faydalı olar. Düzünü deyim ki, həmin oyun barədə o qədər də məlumatlı deyiləm. Mən futbolçuyam. Deyəcəklər ki, çıxıb “Beşiktaş”la oynayın, biz də oynayacağıq. Pis çıxmasın, Avropa Liqasında “Beşiktaş”dan da artıq komanda ilə oynamışıq.
- Qış fasiləsində “Qarabağ”da hansı mövqelərin güclənməsinə ehtiyac var?
- Bu mənə aid sual deyil. Belə baxanda komandada hər şey qaydasındadır. Qışda oyunçu tapmaq da çətindir. Son qərarı baş məşqçi verir.