“Ən böyük günahkar mənəm”
"Neftçi"nin yarımmüdafiəçisi Fəhmin Muradbəyli Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində AZAL-la oyundan (0:1) sonra azerisport.az saytının da suallarını cavablandırıb:
- "Zirə" üzərində kubokda qazandığınız qələbədən (3:0) sonra hamı bu oyunda da sizdən uğur gözləyir. Amma tam əksi oldu. Niyə?
- Oyuna ciddi yanaşmışdıq. Meydana 3 xal üçün çıxmışdıq. Premyer Liqanın ilk yarısını qələbə ilə başa vurmaq istəyirdik. Mənim də bu oyunda yaxşı qol şansım oldu. Vura bilmədiyim üçün təəsüflənirəm. Zəif oynadığımızı deməzdim. Daha çox qol şansımız oldu, sadəcə, alınmadı.
- Hansı epizod oyunda dönüş nöqtəsi oldu?
- Mənim əlverişli vəziyyətdən qol vura bilməməyim. Məhz həmin anda biz bu oyunu əldən verdik. Komandamızın uduzmasında hamı günahkardır, amma ən böyük günahkar mənəm.
- AZAL layiqli qələbə qazandı?
- Rəqibin yaxşı kollektivi var. Onlar qol vurdusa, biz yox, deməli, layiqli qələbə qazandılar.
- Mövsümün ilk yarısının bitməsinə sevindiniz? Çünki daha bir tur oynanılsaydı, AZAL sizi turnir cədvəlində qabaqlaya da bilərdi...
- Buna da sevinməliyiksə, onda mənim sözüm yoxdur. Əksinə, qışa qədər vəziyyəti düzəldə bilmədiyimizə görə təəssüflənməliyik.
- "Neftçi" vəziyyəti düzəltmək üçün qışda çox dəyişməlidir?
- Bu, mənim işim deyil. Bu məsələni klub rəhbərliyi, məşqçilər korpusu həll edir. Onların işinə qarışa bilmərəm.