Cavid İmamverdiyev: Elxan Abdullayev yaxşı məşqçidir
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Topaz Premyer Liqasının 14-cü turunun AZAL-la oyunundan (0:1) sonra azerisport.az saytının da suallarını cavablandırıb:
- Çempionatın autsayderinə qalib gəlməyiniz üçün nə çatmadı?
- Özünüz də gördünüz ki, meydanda yalnız biz oynayırdıq. Qonaqların bircə şansı oldu, onu da dəyərləndirdilər. Biz isə şanslarımızdan yararlana bilmədik.
- Sizcə, nəticə oyuna görə deyil?
- Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Onlar ürəklərini qoydular. Amma biz qələbəni daha çox istəyirdik. Lakin rəqib qalib gəldisə, deməli, onlar buna layiq imişlər.
- "Neftçi"nin belə qeyri-sabit çıxışının səbəbi nədir?
- Özümüz də anlaya bilmirik. Yenə də azarkeşlərimizi məyus etdik. Qarşıda "Zirə" ilə kubokun cavab oyunu var. O oyunda bu məğlubiyyəti unutdurmağa çalışacağıq.
- Sizcə, azarkeşlər komandanı AZAL-a məğlubiyyətə görə bağışlayacaqlar?
- İndiyə qədər bağışlamayıblar ki? Sağ olsunlar ki, belə hava şəraitində stadiona, bizi dəstəkləməyə gəlmişdilər. Artıq onların qarşısında utanırıq.
- Bu oyunda ikinci hissədə meydana buraxılmağınız nədən irəli gəlirdi?
- "Zirə" ilə oyunu buraxmışdım. Çünki zədəm tam sağalmayıb. Baş məşqçi sağ olsun ki, güvəndi. Onun etimadını doğrultmağa çalışıram. Elxan Abdullayev yaxşı məşqçidir. Sadəcə, biz hələ onu sevindirə bilmirik.