Milli Dəstə rəsmən fəaliyyətə başladı

Uzun müddətdir üzərində iş gedən Milli Dəstə bu gün təsis edildiyini bəyan edib. Azerisport.az xəbər verir ki, Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır.
Dəstə sadəcə, futbol yarışları ilə kifayətlənməyərək, tək komanda şəklində deyil, həm də fərdi şəkildə Azərbaycan bayrağını təmsil edən digər idmançılarımıza da dəstək olmağı nəzərdə tutur. Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdə - Babək Xürrəmini seçib. Milli Dəstənin loqosunda da Babək Xürrəmi əks olunub. Babəkin örtüyündə olan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağını tərənnüm edir. Loqonun alt hissəsində isə dəstənin adı və yaranma ili qeyd olunub. Dəstənin rəngləri tünd göy və tünd qırmızı olaraq təyin edilmişdir. Milli Dəstə Şamil Mustafayev və Vüsal Əhmədov tərəfindən təsis edilib. Dəstənin üzvləri fərdi şəkildə ayrı-ayrı klublara azarkeşlik etsə də, bu dəstədə eyni fikir ətrafında toplaşmağı qarşısına məqsəd qoyub. Bu fikri dəstəkləyən, həmçinin irqindən, cinsindən və dini mənsubiyyətindən asılı olmayaraq istənilən həmvətənlilərimizi Milli Dəstəyə qoşulmağa dəvət edirik.
Milli Dəstənin üzvləri mart ayının 22-sində Dünya Çempionatına vəsiqə uğrunda Hollandiya və Azərbaycan futzal yığmaları arasında keçiriləcək pley-off oyununda ilk rəsmi dəstəyini verəcək.