Coşqun Diniyev: İsveçrədə qələbə qazanmağa çalışacağıq
"Qarabağ"ın yarımmüdafiəçisi Coşqun Diniyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrənin "Yanq Boyz" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yanq Boyz" adlı-sanlı klubdur, böyük tarixi var. Amma əvvəllər bu komanda ilə bağlı ətraflı məlumatımız yox idi. Rəqibi yaxşı analiz etmişik. Fikrimcə, əldə etdiyimiz məlumatlar bizə Berndəki səfər matçında layiqli mübarizə aparmağa kömək edəcək. Qələbə qazanmağa çalışacağıq".
Ağdamlıların gənc futbolçusunu Topaz Premyer Liqasının 2-ci turunda "Rəvan" üzərində qazandıqları 2:1 hesablı qələbəni də şərh edib: "Bu, bizim çempionatdakı ikinci oyunumuz idi. Mövsümün ilk oyununda iki xal itirmişdik. Ona görə də ikinci oyundan mütləq qalib ayrılmağı hədəfləmişdik. İndi qazandığımız hər bir xalın çempionluq mübarizəsinin gedişatında bizə böyük köməyi olacaq. Əsas heyətdə bir neçə yeni futbolçu var idi. Komandamız özünü yaxşı tərəfdən göstərməyə çalışdı. Fikrimcə, layiqli qələbə qazandıq. Baxmayaraq ki, ikinci hissədə bizə bir qədər çətin oldu. Bu da futbolçuların hələ bir-birinə tam alışmamasından irəli gəlirdi".
Qeyd edək ki, Coşqun ÇL-in təsnifat mərhələsində keçirilən dörd oyundan üçündə meydana çıxmaq şansı qazanıb. Görünür, onun hazırda yaxşı formada olması baş məşqçinin şans verməsinə şərait yaradır. Bəs görəsən, Diniyev özü oyunundan razıdırmır? "Mənim oyunumla bağlı ancaq baş məşqçi fikir bildirə bilər. Mənim işim onun ümidlərini doğrultmaqdır".