Səbinə Mikina: Reytinqimi bacardıqca yüksəldəcəm
14 noyabr 2013 12:23
Qısa fasilədən sonra qılıncoynatma proqramında London olimpiadasında təmsil olunmağımız, bu idman növünə marağı və diqqəti yenidən artırıb. Azerisport.az xəbər verir ki, artıq 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa oyunlarında sablya, şpaqa və rapiraçılarımızın mübarizə aparacağı dəqiqdir.
Adı birinci çəkilən proqram müasir dövrdə məşhurlaşıb. Çünki rapiraçılarımız İlqar Məmmədovla Boris Koretskinin Seul-1988 zəfərlərindən bəri, Azərbaycan olimpiadalara yalnız qılıncoynatmanın sablya növündə vəsiqə qazanır. Düzdür, bu proqramın Sidney-2000-də “olimpiya ailəsi”nə qoşulması da populyarlaşmada böyük rol oynayıb.
1999-cu ildə sablyaçılar qadınlar arasında keçirilmiş ilk dünya çempionatında Yelena Jemayevanın baş mükafata sahib çıxması, nəinki Azərbaycan, dünya qılıncoynatmasının tarixinə düşüb. Ona qədər, bu proqramda böyük uğura, yaxın keçmişdə Samir İbrahimov kişilərin komanda yarışında qızl medal qazanmaqla, yetişib.
Son zamanlarda sablyaçı Səbinə Mikina perspektiv vəd edir. Ötən il dünya reytinqində 16-cı yeri tutaraq, London-2012-yə vəsiqə alan idmançı, gələn mövsüm itirdiyi mövqeyinə qayıtmaq niyyətindədir. Saytımızın əməkdaşı ilə söhbətdə, o, bunun üçün çox çalışacağını deyib:
“Hazırda “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Suraxanıda yerləşən bazasında məşqlərimi davam etdirirəm. Dekabrda millimiz Türkiyənin Ərzurum şəhərində 14 günlük təlim-məşq toplanışına yollanacaq. Gələn mövsüm bizi ciddi sınaqlar gözləyir. Yanvarda Fransanın Orlean şəhərində keçiriləcək dünya kubokunda iştirak edəcəyəm. Çalışacağam ki, reytinqimi yüksəldim. İndi komandamız dünya sıralamasında 10-cudu. Şəxsidə 34-cü pilləyə düşmüşəm. İnanıram, hər şey sonda yaxşı olacaq”.
Qılıncoynatma federasiyasının 1-ci vitse-prezidenti Yaşar Məmmədov, öz növbəsində, azerisport.az-a açıqlamasında deyib ki, şpaqaçı qızlar, o cümlədən, rapiraçılar baş məşqçi Asəf Məlikovun rəhbərliyi ilə çalışmalarını davam etdirirlər. Adı son çəkilən proqramda Mehin və Məryəm Məlikova yığma kollektivdə fəallıq nümayiş etdirirlər.
Baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə sablayçı qızlardan ibarət millmizdə əsas heyət əvvəlki kimi dəyişməz qalır: Səbinə Mikina, Aidə Ələsgərova, Sevil və Sevinc Bünyatova bacılırı. Son vaxtlarda bu sıraya Fatma İbrahimovanın qoşulacağı gözlənilir.