Qılıncoynadanlarımız Tiflis və Bursada uğur qazanıblar
23 oktyabr 2012 13:59

Oktyabrın 19-21-də Gürcüstan paytaxtı Tiflisdə 23-yaşadək idmançılar arasında Avropa kuboku yarışları keçirilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan idmançısı Sevil Bunyatova həm kubok, həm də qızıl medal, Aidə Ələsgərova bürünc medal qazanıb.
Komanda hesabında sablyaçı qızlarımız 44-45 hesabı ilə Ukrayna komandasına uduzaraq gümüş medal qazanıblar. Bu idmançıların hamısı “Neftçi İdman və Sağlamlıq Mərkəzi”nin üzvləridir.
Həmin günlərdə Türkiyənin Bursa şəhərində rapira və şpaqa üzrə III beynəlxalq turnir də keçirilib. 10 ölkənin təmsil olunduğu yarışda komanda hesabında rapiraçı qızlarımız I, şpaqaçı qızlarımız II, şpaqaçı kişilər isə III yerə layiq görülüblər.
Şəxsi yarışlarda şpaqada beynəlxalq dərəcəli idmançımız Nelyubova Yuliya bürünc medal qazanıb.