Azərbaycan dünya dördüncüsü oldu
17 oktyabr 2011 17:32
8-16 oktyabr 2011-ci ildə İtaliyanın Kataniya şəhərində qılıncoynatma üzrə Dünya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, bu yarışda sablya növü üzrə 4 idmançı - Bünyatova Sevil, Bünyatova Sevinc, Ələsgərova Aida, Mikina Sabina, şpaqa növü üzrə isə 1 idmançı - Nelyubova Yuliya iştirak edib.
Onların hamısı “Neftçi” cəmiyyətinin üzvləridi. Şpaqa növündə 155 idmançı arasında Nelyubova Yuliya 5 qələbədən sonra məğlub olaraq 55-ci yerə çıxıb. Sablya növündə 122 idmançı arasında Bünyatova Sevil 4 qələbədən sonra uduzaraq 60-cı yerə çıxıb. Aida Ələsgərova 8 qələbədən sonra Polşa idmançısına məğlub olaraq 19-cu yerə çıxıb. Ən yüksək nəticəni Mikina Sabina göstərdi. O, 1/4 finalda dünya çempionu - Rusiyadan olan idmançı Sofiya Velikaya uduzaraq 8-ci yerə çıxıb. Dünya reytinq cədvəlində 375 sablyaçı arasında 52-ci yerdə olan Mikina Sabina 24-cü yerə yüksəlib. 107-ci yerdə olan Ələsgərova Aida 47 pillə irəliləyərək 60-cı yerə yüksəlib.
Daha böyük qalibiyyət komanda yarışlarında oldu. 1/8 finala çıxmaq üçün 11-ci yerdə olan Yaponiya ilə qarşılaşan Azərbaycan komandası 45-40 hesabı ilə qalib gəlib. 1/4 finala çıxmaq üçün komandamız Fransa komandası ilə görüşüb. İyul ayında İngiltərədə keçirilən Avropa çempionatında Fransa komandasına 41-45 hesabı ilə uduzmuşduq. Bu dəfə isə qələbə Azərbaycanın olub - 45-44. Hansı ki,bu böyük sensassiya idi.
Yarımfinala çıxmaq üçün komandamız Çin komandası ilə görüşüb. Yüksəlişdə olan Azərbaycan komandası onları da 45-43 hesabı ilə məğlub edib. Yarımfinalda 4 komanda - Rusiya, ABŞ, Olimpiya çempionu Ukrayna və Azərbaycan idi. Ukrayna ilə görüşdə 45-40 hesabı ilə komandamız məğlub oldu. 3-cü yer uğrunda ABŞ-la görüşdə isə 40-44 hesablı yenilgi ilə üzləşdik.
Qeyd edək ki, bu yarış bu ilki lisenziya yarışlarının axırıncısı idi. Gələn ilin I rübündə Fransada, İngiltərədə, Rusiyada və Türkiyədə sonuncu 4 lisenziya yarışı keçiriləcək. Gələn il aprelin 22-də Sloveniyada Avropa üzrə zona yarışı keçiriləcək. I və II yerə çıxanlara Olimpiya oyunlarına lisenziya veriləcək.